BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalı olan "Mərmər soyuğu" tammetrajlı bədii filmi "PÖFF Tallinn Black Nights" ("Qara Gecələr") Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.
"PÖFF Tallinn Black Nights" Film Festivalının 26-cı buraxılışı 11-27 noyabr 2022-ci il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Qeyd edək ki, "Mərmər soyuğu" festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Festivalın saytında müvafiq səhifəyə keçid linki: https://poff.ee/en/news/poff-announces-its-full-2022-official-selection-lineup/?fbclid=IwAR1C81VK6O3I6w5Xif2iZ8J-jHOE_cc50WUsbOKE4UdZl5IuHXp6cceYg_g