BAKI, 20 oktyabr - Sputnik. Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım tviter hesabında səhhəti ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, Binəli Yıldırım səhhətinin yaxşı olduğunu bildirib.
“Azərbaycana səfərimiz zamanı yol qəzasına uğradıq. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada tibbi nəzarət altındayıq. Dua edib xoş arzularını çatdıran hər kəsə təşəkkürlər”, - Binəli Yıldırım sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.
AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.