CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su filtrləri satan şirkətlərlə bağlı istehlakçı müraciətlərinin sayı artıb

Dövlət Xidməti bəyan edib ki, kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Son vaxtlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (AİBNDX) su filtrlərinin səyyar satışını həyata keçirən şirkətlərlə bağlı daxil olan istehlakçı müraciətlərinin sayı artıb.
Bu barədə qurumdan bildirilib.
Dövlət Xidməti bəyan edib ki, kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir.
"Su filtrləri ilə bağlı müraciətlər əsasən Bakıətrafı qəsəbələr və regionlardan daxil olur, bu zaman təhrif edilmiş informasiyalarla istehlakçıların aldadılması hallarına rast gəlinir.
İstehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.
Dövlət Xidməti istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.
2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.
İstehlakçılar mənfi hallarla üzləşdikdə Dövlət Xidmətinə qaynar xətt (195-1) vasitəsilə və yaxud elektron qaydada (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) müraciət edə bilərlər", - deyə qurum bəyan edib.