BAKI, 20 oktyabr — Sputnik. Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlərə gəldikdə isə bunlar- müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq, qırmızı xəbərdarlıqdır.
Son vaxtlar məktəblərdə nizam-intizam qaydalarının pozulması hallarına tez-tez rast gəlinsə də, şagirdlərə cəza tədbirlərinə münasibət birmənalı deyil. Bəzi valideynlər şagirdlərin nizam-intizam qaydalarının pozulmasına görə, məktəbdən uzaqlaşdırılmasının düzgün olmadığını, digər qisim isə məktəblərdə nizam-intizamın gücləndirilməsinin vacib olduğunu hesab edir.
Dəcəl şagirdlərin hamısını bir sinfə yığmaq olmaz
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərinə qarşı cəmiyyət sərt təpki göstərməyib. Sovet təhsil sistemində də məktəblərdə müəyyən cəza tədbirləri olub. Davamlı olaraq dərs mühitini pozan, dərsə gecikən, sinif yoldaşlarına qarşı aqressiv formada fiziki güc tətbiq edən, müəllimə qarşı hörmətsizlik edən şagirdlərə qarşı hər hansı cəza tədbirinin olması vacibdir.
Şura sədri deyir ki, kütləvi təhsil sistemində hər şagirdə indivudal yanaşma tətbiq etmək bir qədər çətindir. G. Səfərovanın sözlərinə görə, bu qaydalar bütün münasibətləri tənzimləyə bilməsə də, şagirdlərdə davranışları ilə bağlı məsuliyyət yaradacaq:
"Əgər valideyn bu inzibati tədbirlərə qarşı çıxırsa, bundan çıxış yolunu da göstərməlidir ki, dərsi pozan, sinif yoldaşını döyən şagirdə qarşı necə davranmaq lazımdır. Dəcəl şagirdlərin hamısını bir sinfə yığmaq mümkün deyil".
Bununla belə G.Səfərova məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərindən sui-istifadə hallarının yolverilməz olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, onu narahat edən yeganə məqam məktəblərdə bundan sui-istifadə hallarına yol verilməsi ilə bağlıdır: " Hesab edirəm ki, buna da monitorinq və intizam şuralarının vasitəsilə nəzarət etmək olar. İctimai Şura da bununla bağlı monitorinqlər təşkil edəcək".
G. Səfərova bildirir ki, yayılan videolar məktəblərdə çəkilən, şagird intizamsızlığını əks etdirən videolar belə bir inzibati tədbirlərin olmasını zəruri edir: "Şagirdlər başa düşməlidirlər ki, məktəbdə özlərini tərbiyəli aparmalıdırlar. Bunun məsuliyyətini dərk etməlidirlər".
Şura sədri deyir ki, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərlə bağlı hələki ictimai müzakirə aparılır. Bu müzakirə başa çatdıqdan sonra tətbiqinə başlanılacaq. Onun sözlərinə görə, valideynlər də bu prosesə cəlb ediləcək. Valideyn övladının məktəbdə davranışı barədə məlumatlandırılacaq.
Həmsöhbətimiz deyir ki, qanunla uşağı tərbiyə etmək valideynin üzərinə düşsə də, bəzi valideynləri bu vəzifələrini yerinə yetirmir, yükü məktəbin üzərinə atırlar. Amma məktəbin işi təkcə təlim deyil, tədris də aparılmalıdır.
G. Səfərova onu da bildirdi ki, altı ay müddətinə bu qaydalar məktəblərdə tətbiq ediləcək. Ehtiyac olarsa, gələcəkdə əlavələr də ediləcək.
Şagirdlərə qarşı inzibati tədbirlərə ehtiyac yoxdur
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlərin tətbiq edilməsinə zərurət görmür: "Düzdür son vaxtlar məktəblərdə baş verən arzuolunmaz hallara qarşı bu təqdirəlayiqdir. Amma məktəblərin nümunəvi nizamnaməsində təhsil alanların hüquq və vəzifələri göstərilib".
N. İsrafilov deyir ki, "şagirdlərlə sakit söhbət", "uzaqlaşdırma", "sarı xəbərdarlıq məktubu", "narıncı xəbərdarlıq", "qırmızı xəbərdarlıq" kimi inzibati cəza növlərinin özündə nəyi etiva etdiyi ictimaiyyətə açıqlanmalıdır: " Uzaqlaşdırma dedikdə nəyin nəzərdə tutulduğu açıqlanmalıdır. Belə şagirdlər məktəbdən uzaqlaşdırılacaq, yoxsa təhsildən kənarlaşdırılacaq? Bütün bu detallar açıqlanmalıdır. Dərsdən sonra şagirdlərin məktəbdə saxlanılmasının məqsədi açıqlanmalıdır. Halbuki, məktəblərdə psixoloqlar var, onların işi şagirdlərlə iş aparmaqdır. Hələ açıqlanmayıb ki, "sarı xəbərdarlıq məktubu", "narıncı xəbərdarlıq", "qırmızı xəbərdarlıq" alan şagirdlərin aqibəti necə olacaq? Bütün bunların detalları açıqlanmalıdır ki,valideynlər də məlumatlı olsun. Məktıbin ali ortqanı məktəbin pedoqoji şurasıdır. pedoqoji Şurada intizam tədbirləri ilə bağlı qərarlar verilə, müzakirə oluna bilər. Ona görə məncə əlavə intizam şuralarının yaradılmasına ehtiyac yoxdur".
Heç bir cəza tərbiyə üsulu deyil
Psixoloq Rövşən Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, heç bir cəza tərbiyə üsulu deyil:
"Məktəblərdə daha çox məktəb psixoloqlarının sayının artırılmasına ehtiyac var. Məktəbdə sosial işçi ştatlarının artırılmasına daha çox ehtiyac var, nəinki inzibati cəza tədbirlərinə. ETN-nin məktəblərdə tətbiq edəcəyi inzibati tədbirlərin nə dərəcədə effekt verəcəyini indidən demək olmaz".
Psixoloq deyir ki, bəndlərdən birində şagirdin kənarlaşdırılması nəzərdə tutulub. Bu məqam xüsusilə diqqəti cəlb edir: "Şagird dərsdən müəyyən müddətə kənarlaşdırılarsa, onun təkrar məktəbə, təhsilə qayıdışı necə tənzimlənəcək? Şagird geri qaldığı dərsləri necə mənimsəyəcək? Bu kimi suallar açıq qalır".
R. Nəcəfovun fikrincə, bundansa məktəblərdə şagirdlərin rüblük və illik psixoloji analizi aparılmalı, onların psixoloji portreti yaradılmalıdır.
Psixoloqun fikrincə, şagirdlərə "narıncı", "qırmızı" kartların verilməsi onları əlavə həyəcana sala bilər: "Onsuz da şagirdlər hər il imtahan həyəcanı yaşayırlar. Bundan əlavə, cəzalandırmaq onların psixikasına mənfi təsir edəcək. Nəzərə almaq lazımdır ki, məktəb həm də şəxsiyyət yetişdirir".
R. Nəcəfov bundan əlavə şagirdlərin inzibati cəzalandırılmasında şəffaflığın olub-olmayacağının da hələ sual altında olduğunu söyləyir. Bildirir ki, obyektivliyi təmin etmək bir qədər çətindir:
"Şagird üçün qırmızı xətt onun cinayət işləməsidir. Bu zaman sual yaranır ki, "qırmızı kart" hansı qaydanı pozan şagirdə tətbiq ediləcək? Bu sualların hələki cavabı yoxdur. Bütün bunlar ictimaiyyətə açıqlanmalıdır".