MƏDƏNİYYƏT

Azərbaycanlı reper rekorda imza atdı - Biletləri 20 saata satıldı

Keçmiş HOST qrupunun AİD ləqəbli üzvü Orxan Zeynallı rekorda imza atıb. Belə ki, 20 saat ərzində onun 3000-dən artıq konsert bileti satılıb.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Keçmiş HOST qrupunun AİD ləqəbli üzvü Orxan Zeynallı 6 il fasilədən sonra Bakıda konsert verəcək. ABŞ-dan qayıdan və səhnəyə çıxmağa hazırlaşan reper Orxan Zeynallının konsert biletləri 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.
Bu barədə reper özünün sosial media hesabında məlumat verib. "24 saatdan az bir vaxtda 3100 bilet satıldı. Bu sevgi və dəstəyə görə hər birinizə minnətdaram. Tarixi rekorda birgə imza atdıq",- deyə reper onu sevənlərə təşəkkür edib.
Reper onu da bildirib ki, 20 noyabrın səhəri günü – yəni, 21 noyabrda da o, eyni konsert proqramı ilə "Elektra Events Hall"da səhnəyə çıxacaq. İlk günə satılan 3100 biletdən sonra, 21-i üçün satılan biletlər bu gün 19:00-da "iTicket" platformasında aktiv olacaq.
Qeyd edək ki, reper musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıblar. Orxanın ilk solo albomu "Biz insan deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsilə satılıb.
O, "Hekayəm", "40-cı paralel", "Mavi qızılgüllər", "Karusel", "Yadımda deyilsən", "Bəlkə də nə vaxtsa" kimi hitlərin müəllifidir.