MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi daha bir festivalda iştirak edəcək

Azərbaycan, Meksika, İsveçrə və Türkiyə mütəxəssislərinin cəlb olunduğu "Balıqlara xütbə" filmi Almaniya premyerasını Cottbus Film Festivalının əsas yarışmasında edəcək
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Rejissor Hilal Baydarovun "Balıqlara xütbə" filmi Almaniya premyerasını Cottbus Film Festivalının əsas yarışmasında edəcək.
Bu barədə rejissorun prodüseri Elşən Abbasov məlumat verib. Premyeradan sonra filmin aktyoru Orxan İsgəndərlinin mətbuat konfransı da gözlənilir.
Qeyd edək ki, "Balıqlara xütbә" filmi bir müddət əvvəl Türkiyənin TRT kanalı tәrәfindәn keçirilәn yarışmanın qaliblәrdәn biri olub və "Beynәlxalq ortaq istehsal" mükafatına layiq görülüb. Səsvermənin nəticələrinə görə, film kinoforumun münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülüb. Bundan başqa, "Balıqlara xütbə" filmi 75-ci "Locarno" Film Festivalında mükafata layiq görülüb. Film, həmçinin "Pardo Verde WWF Xüsusi Diqqət" mükafatına da layiq görülüb.
Məlumat üçün bildirək ki, "Balıqlara xütbə" filminin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarovdur. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar. Filmin çəkilişlərinə Azərbaycan, Meksika, İsveçrə və Türkiyə mütəxəssisləri cəlb olunublar.
"Locarno" Film Festivalı İsveçrənin ən mühüm, Avropanın isə ən məşhur film festivallarından biridir. "Kann", "Venesiya" və "Berlin"dən sonra dördüncü ən əhəmiyyətli Avropa film festivalı hesab olunur. "Locarno" 1946-cı ildən etibarən hər il avqustda İsveçrənin Lokarno şəhərində keçirilir. Festivalın baş mükafatı "Ən yaxşı film"ə görə verilən "Qızıl Bəbir"dir.
Hilal Baydarov kimdir?
O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və "Docu Talent" mükafatını qazanıb.
Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, "Səpələnmiş ölümlər arasında" bədii filmi "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının "Ən yaxşı film" nominasiyası üzrə mükafatına layiq görülüb.