SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan ərazilərində mina problemi Böyük Britaniya parlamentində müzakirəyə çıxarıldı

Metyu Offord partlamamış hərbi sursat problemi ilə üzləşən regionlarda ciddi tədbirlər görülmədən davamlı inkişaf məqsədlərinə nail olmağın mümkün olmayacağını deyib.
Sputnik
BAKI, 19 oktyabr - Sputnik. Britaniya parlamentində Azərbaycanda mina probleminə dair tədbir keçirilib.
Böyük Britaniya parlamentində İcmalar Palatasının üzvü, Partlayıcı qurğulardan qaynaqlanan təhdidlər üzrə parlament qrupu və Azərbaycanın Londondakı Səfirliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirə parlamentarilər, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin rəsmiləri, ölkəmizdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş Birləşmiş Krallığın şirkət və təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.
Böyük Britaniya parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord çıxışında bildirib ki, Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mükəmməllik mərkəzinə çevrilmək yolundadır və Böyük Britaniyanın buna dəstəyi böyük rol oynayır.
O, Böyük Britaniyanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana əlavə 500.000 funt sterlinq ayırmasının çox doğru bir qərar olduğunu deyib. Metyu Offord partlamamış hərbi sursat problemi ilə üzləşən regionlarda ciddi tədbirlər görülmədən davamlı inkişaf məqsədlərinə nail olmağın mümkün olmayacağını deyib. O, qeyd edib ki, Böyük Britaniya Azərbaycanla birlikdə əməkdaşlıq edərək Azərbaycanı daha təhlükəsiz yerə çevirmək üçün çalışır.
“İstər inkişafın maliyyələşdirilməsi, istərsə də Britaniya sənayesinin əməkdaşlığı və innovasiyası yolu ilə, Böyük Britaniya hər zaman Azərbaycanın yanındadır. Azərbaycanda biz bir uğur hekayəsi görürük. Minalar təmizləndikcə, yeni magistrallar yollar çəkilir və ərazinin yenidən məskunlaşmasına və köçkünlərin təxminən 30 ildən sonra öz şəhərlərinə qayıtmasına kömək etmək üçün infrastruktur layihələri sürətlə inkişaf edir”, - deyə Metyu Offord bildirib.
O, bu ilin aprelində Azərbaycana səfəri zamanı Ağdamı ziyarət etdiyini, bir vaxtlar 30 min sakini olan Ağdamın illərlə davam edən münaqişələrdən sonra yerlə yeksan edildiyini, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirildiyi vaxtdan bəri bölgədə partlamamış silahlar nəticəsində təxminən 3500 nəfərin həlak olduğunu deyib.
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın Azərbaycanın minalardan təmizlənməsində çox önəmli bir tərəfdaş olduğunu deyib. Səfir çıxışında Ermənistanın beynəlxalq öhdəliklərini yerinə gətirmədiyini, müharibə cinayətləri törətməyi davam etdiyini bildirib.
O, qeyd edib ki, işğaldan azad edilən ərazilərə hələ də Ermənistan tərəfindən minalar yerləşdirilir, bu isə 2020-ci ildə imzalanan razılaşmaya uyğun deyil: "Ermənistan tərəfindən Azərbaycana təqdim edilən mina xəritələrinin təxminən 25 faizi dəqiqdir. İnsanlar işğaldan azad edilən ərazilərə geri qayıtmaq istəsələr də, yerləşdirilən minalara görə bu tam olaraq mümkün deyil. Onların bunu etmək səbəbləri bəlli olmasa da, açıq-aşkar minalamaya olan bu aludəçilik bütün razılaşmalara və əsas insan haqlarına ziddir. ",- deyə səfir çıxışında bildirib.
O, Azərbaycanın ilk gündən bəri regionda sülh istədiyini də vurğulayıb.
ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov bildirib ki, 10 noyabr 2020-ci ildən bəri, 219 nəfər mina partlayışları nəticəsində xəsarət alıb, 44 nəfər həyatını itirib: "Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib".
Ramil Əzizov qeyd edib ki, Ermənistan tərəfindən minalarla bağlı verilən mina formulyarlarından 25 faiz ətrafında istifadə etmək mümkündür:"Verilən mina xəritələri əslində formulyarlardır. Formulyarları bir neçə konkret ərazi üzrə birləşdirəndə bu xəritə anlamına gəlir. Bizə Ermənistan tərəfindən verilən formulayarlarda düzgün olmayan məlumatlar var. Ümumilikdə deyə bilərik ki, bizə verilən formulyarlardan 25 faiz ətrafında istifadə etmək mümkündür",- deyə o, qeyd edib.
Partlayıcı Silahlar üzrə Parlament Qrupunun və "Revive" adlı partlayıcı qurğulardan zərər çəkən şəxslərə dəstək verən sosial maarifləndirmə kampaniyasının rəhbəri Naycel Elvey isə tezliklə qurupun Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib (APA).