CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat rektorları tənqid etdi

Bu, ali məktəblərdə köçürmələrdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin də qarşısını alacaq.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu Milli Məclisin Elm və təhsil komitəsinin 19 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.
Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanır
Həmçinin orta ixtisas təhsil müəssisələrində təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydası hazırlanır. Dəyişikliyə əsasən, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.
"Bu gün akademik köçürmənin hüquqi bazası yoxdur"
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Komitə iclasında bildirib ki, bu gün akademik köçürmənin hüquqi bazası yoxdur. Onun sözlərinə görə, bu da müəyyən qanunsuzluğa səbəb olurdu: "Kənd təsərrüfatı ixtisasına qəbul olanlar köçürülmə yolu ilə mühəndisliyə keçirdilər və s. Ona görə bu dəyişikliklər çox mütərəqqidir".
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev
Komitənin üzvü İsa Həbibbəyli isə qeyd edib ki, ali məktəblərdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin qarşısı alınacaq. O bildirib ki, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sahəsində 2013-cü ildən təkmilləşmə prosesi gedir. İsa Həbibbəyli deyib ki, uzun illər bu proses ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsinə əsasən həyata keçirildiyindən bir çox hallarda pərakəndəliyə və qeyri-şəffaflığa səbəb olur: "Lakin indiki halda bu gün köçürmələrlə bağlı qaydaların qanunvericilik səviyyəsinə qaldırılması bu qaydaları daha da ciddiləşdirmək və yaxud hamı üçün məqbul olan hüququ təmin etmək üçün əhəmiyyətlidir. Bu, ali məktəblərdə köçürmələrdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin də qarşısını alacaq".
Akademik İsa Həbibbəyli
Tələbə köçürməsinin statistikası
Deputat Etibar Əliyev öz çıxışında bildirib ki, rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar. Onun sözlərinə görə, 1998-ci ildən 2013-cü ilə qədər 32 min tələbə köçürülüb. O, həmçinin qeyd edib ki, Dövlət İmtahan Mərkəzi 15 ixtisas seçmək hüququnu abituriyentə verir: "Əgər tələbə 550 bal toplayıb Tibb Universitetinə girməyibsə, o, Biologiya fakültəsinə gedir. Aydın olur ki, bal uyğunsuzluğu ucbatından həmin tələbə Tibb Universitetinə köçürülə bilmirdi. Çünki Təhsil Nazirliyi bal uyğunluq tələbini qoymuşdu. Digər tərəfdən, rektorlar köçürmə ilə bağlı akademik arayışlarının verilməsindən qaçırlar. Bu qanunun qəbul olunmasında hamımız maraqlıyıq. Çünki həm də bununla ali təhsil müəssisələrinin maliyyə müstəqilliyi bərpa da olunar".
Etibar Əliyev
Komitə sədri Bəxtiyar Əliyev öz çıxışında doktorantların köçürülməsində yaranan problemə toxunub. Bildirib ki, qanuna təklif edilən dəyişikliklər doktorantları əhatə etmir. Magistratura və bakalavriat səviyyələrinə bu qaydalar şamil ediləcək".
Doktorantlar köçürmədə problemlə qarşılaşır
B.Əliyev bildirib ki, bununla bağlı doktorantlar bizə müraciət ünvanlayır: "Doğrudur, bu gün doktorantlar təhsil aldıqları müəssisələri dəyişdirmək istəyəndə bir çox ciddi problemlərlə qarşılaşırlar. Çünki hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var, onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır. Amma bütün hallarda tələbə deyiriksə, doktorant da tələbə hesab olunur. Bu kimi məsələlər yeni hazırlanan "Ali təhsil haqqında" qanun layihəsində nəzərə alınmalıdır".
Bəxtiyar Əliyev
Təhsil sahəsində dövlətin vəzifələri artırılır
Həmçinin təhsil sahəsində dövlətin vəzifələri artırılır. Dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
Eyni zamanda orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.