AZƏRBAYCAN XƏBƏRLƏRİ

Səməd Seyidov: "Azərbaycana qarşı müqavimət və təhdidlər var"

"Ermənilər və onların ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb," - deputat bildirib
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət o qədər güclüdür ki, ölkəmizə qarşı müqavimət və təhdidlər var. Ona görə də bu siyasət ətrafında birləşməli və belə də davam etməliyik.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Komitə sədri xatırladıb ki, AŞPA-nın sessiyası çox gərgin keçib:
“Ermənilər və onların ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb. Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış, bir neçə mərhələdən ibarət hücum planı həyata keçirildi. Plan nədən ibarətdir? Sərhədlərdə provokasiyalar törədilir. Sonra video-foto şantaj, Azərbaycanın imicinə qarşı beynəlxalq səviyyədə xüsusi təxribatların törədilməsi. Bunun əsasında sənədlərin qəbul edilməsi. Ən nəhayət bunların əsasında danışıqlar prosesində özlərinə nəsə əldə etmək”.
O qeyd edib ki, Avropa Şurası sanki ermənilər tərəfindən xüsusi bir məkan olaraq seçilib:
“Çünki, onlar – ermənilər Avropa Birliyi, beynəlxalq səviyyədə uduzduqlarının fərqindədirlər. Artıq Avropada da bilirlər ki, bu provokasiyaları kim törədir və nəyə görə törədir”.