AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın bəzi səfirləri geri çağırılıb və yeniləri təyin olunub

Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ölkə başçısının qərarı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Başqa bir Sərəncamla Anar Laçın oğlu İmanov Azərbaycanın Vyetnam, Kamboca və Laosdakı səfiri geri çağırılıb.
Digər Sərəncamla isə Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin Oqtay Sudef oğlu Qurbanovun Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalanıb.
Bundan başqa, ölkə başçısı Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
İlham Əliyevin qərarı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu gün ölkə başçısı eyni zamanda Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması, Səməd Əyyub oğlu Həsənovun isə Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqda sərəncam imzalayıb.
Prezident Cəfər Əbdülhüseyn oğlu Hüseynzadənin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqda da Sərəncam imzalayıb.
SİYASƏT
Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib