CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlanıb

"Sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb," - deyə polis kapitanı bildirib
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: "İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır".
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.