BAKI, 17 oktyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilib.
İrandan Azərbaycana 14 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
© Photo : AR State Border Service
Oktyabr ayının 15-də saat 12:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfərin şübhəli hərəkətləri müşahidə olunub və sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.
Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
İrandan Azərbaycana 14 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
© Photo : AR State Border Service
Saxlanılan şəxsin Ucar rayon sakini 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilmiş, üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunaraq götürülüb.
Oktyabr ayının 16-da saat 18:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
İrandan Azərbaycana 14 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
© Photo : AR State Border Service
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən göy rəngli VAZ 2106 markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Neftçala rayon sakinləri 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə "marixuana"ya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.