BAKI, 17 oktyabr — Sputnik. Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.
Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.
Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 4 oktyabr 2018-ci il tarixində XİN-in mətbuat xidmətinin rəhbəri təyin edilib.