BAKI, 17 oktyabr — Sputnik. "Azərbaycan Prezidentinin təlimatı əsasında bu dağıntıların qorunması gələcək nəsillərə bu faciənin ötürülməsi baxımından önəmlidir". Bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Baxçı Gəncə terrorunun ildönümü ilə bağlı tədbirdə deyib.
"Türkiyə Cümhuriyyəti adına Gəncədəki sivil hədəflərin vurulması nəticəsində şəhid olan Azərbaycan vətəndaşlarına Allahdan rəhmət diləyirəm", - deyə səfir bildirib.
Daha sonra diplomat qeyd edib ki, üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək:
"Biz bunun sevincini yaşayırıq", - deyə səfir qeyd edib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb. Səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.
Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalinə qarşı iyrənc hücumundan 2 il ötür.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından iki il ötür. 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində mənfur düşmənin Ermənistan ərazisindən raket hücumu nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.