BAKI, 17 oktyabr — Sputnik.Beynəlxalq Muğam Mərkəzində Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunan "Füzuli Füzulidə" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra monitorda Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti səsləndirilib.
Tədbirdə ehtiyatda olan polkovnik Şair Ramaldanov, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Baş İdarəsinin sədri Tahir Məmmədov, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, yazıçı-dramaturq Seyran Səxavət, şair Vaqif Bəhmənli və başqaları Vətən müharibəsi günlərində Milli Ordu döyüşçülərinin qəhrəmanlığı, xalqımızın göstərdiyi möhtəşəm birlik nümunəsi, rayon ərazisində erməni quldur birləşmələrinin törətdiyi vandalizm hərəkətləri barədə danışıblar. Füzuli rayonu ərazisində gedən sürətli bərpa-quruculuq işləri haqqında geniş məlumat diqqətə çatdırılıb və tezliklə doğma yurda qayıtmaq arzuları səsləndirilib.
Əlamətdar tarixə həsr olunan gecədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorları Xalq artisti Kazım Abdullayev və Əməkdar artist Məsmə Aslanqızının ifasında yazıçı İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşasından bir hissə nümayiş olunub. Əməkdar artistlər Cahangir Qurbanov, Nizami Abdullayev, müğənnilər Təşkilat Nəsirov, Nadir Bayramlı, Eldəniz Məmmədov , gitara ifaçısı Rəhman Məmmədli və başqaları vətən və qəhrəmanlıq haqqında musiqilər təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar adından Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Vətən müharibəsində bir-birindən parlaq səhifələr yazan Azərbaycan Milli Ordusunun əsgərləri uğurlu əməliyyat nəticəsində Füzuli şəhərini və rayonun bir neçə kəndini düşmən işğalından azad etdilər. Tarixi ədalətin bərpa olunması, 28 ildən sonra sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı çox böyük ruh yüksəkliyi və sevinclə qarşılandı.