BAKI, 17 oktyabr — Sputnik. Ermənistan hərbi-siyasi rəhbərliyi birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycan xalqına qarşı törətdiyi qəddar amansız terror aktlarını hələ də inkar edir. Bu sözləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində keçirilən tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, bu cinayətlərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi heç bir məsuliyyət götürmək istəmir:
"Azərbaycan XİN olaraq bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırılıb və Azərbaycan Ermənistanı məsuliyyətli davranışa çağırır. Qeyd edim ki, Gəncəyə olunmuş hücumlar digərlərindən nisbətən fərqlidir. Bu fərqlilik ondan ibarətdir ki, hələ oktyabr əvvəllərindən qondarma rejimin rəhbərliyi tərəfindən bu hücumların ediləcəyi ilə bağlı bəzi etiraflar edilmişdi. Buna baxmayaraq Ermənistan rəhbərliyi sanki bu hadisələrin baş vermədiyini göstərməyə çalışaraq, Beynəlxalq təşkilatlar tərəfindən mövqe nümayiş etdirmək tələbinə susqunluq nümayiş etdirir".
Nazir müavini onu da bildirib ki, Azərbaycan hökuməti tərəfindən bir sıra instansiyalara o cümlədən beynəlxalq məhkəmələrə bütün materiallar toplanaraq təqdim edilib:
"Xarici jurnalistlər və tanınmış qeyri-hökumət təşkilatları da dinc əhaliyə qarşı yönəlmiş bu hücumlarla bağlı öz hesabatlarını təqdim edib. Burada törədilmiş cinayətlər açıq-aydın göz qabağındadır. Buna Human Rights kimi beynəlxalq təşkilatlar da göz yuma bilməmişdilər. Həmin təşkilatın rəhbəri edilmiş bu hücumları Ermənistan müharibə cinayəti olduğunu açıqlayıb".