SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: “Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək”

Azərbaycanın xarici işlər naziri Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnun olduğunu qeyd edib.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək. Bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi "Twitter" hesabında qeyd edib.
"Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnunam. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya böyük qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycan təsisçi üzv kimi Türk Dövlətləri Təşkilatını dəstəkləyəcək və daha da gücləndirəcək!", - deyə nazir əlavə edib.
Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası İstanbulda öz işinə başlayıb. TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunacaq.
İclasda Təşkilata üzv ölkələr olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edir.
Türk Dövlətləri Təşkilatı
Qeyd edək ki, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılıb. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.
8-ci Zirvə Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı "Türk Dövlətləri Təşkilatı"na (TDT) dəyişdirilib.
Təşkilat eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır.
Azərbaycan ilə əməkdaşlıq
Hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012, 2016 və 2021-ci il tarixli iclaslar Azərbaycanda keçirilib.
15 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının 7-ci Zirvə Görüşü keçirilib, həmçinin Zirvə Görüşü çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Biznes Forum keçirilib.
10 aprel 2020-ci il tarixində videokonfrans formatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə COVİD-19 pandemiyasına mübarizəyə həsr olunmuş TDT-nin fövqəladə Zirvə görüşü keçirilib. Görüşdə dövlət başçıları tərəfindən səsləndirilən məsələlərin icrası ilə əlaqədar 6 may 2020-ci il tarixində İqtisadiyyat nazirləri və Gömrük orqanları rəhbərlərinin fövqəladə iclası keçirilib. Videokonfransı hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb.