CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda adam oğurlayan dəstə zərərsizləşdirilib - VİDEO

Əməliyyat tədbirləri nəticəsində Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Abşeron rayonunda adam oğurluğu, narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayonun Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu, əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini, daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib.
Həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər.
Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlanılıb. Tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar.
Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib.
Araşdırmalarla bu şəxslərin Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb.
Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib.
Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Xatırladaq ki, bu ilin iyul ayında Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş. qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.