BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.