Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Aİ Ermənistan-Azərbaycan sərhədində missiya ilə bağlı qərar verəcək - Borrel

Yaxın vaxtlarda Gürcüstandan Ermənistana 40-a yaxın avropalı müşahidəçinin köçürüləcəyi bildirilir.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Aİ xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda keçiriləcək görüşdə Ermənistan və Azərbaycan sərhədində missiyanın yerləşdirilməsi ilə bağlı qərar qəbul edəcəklər. RİA Novosti-nin xəbərinə görə, bunu Avropa diplomatiyasının rəhbəri Cosef Borrel görüşdən əvvəl bildirib.
“Ümid edirəm ki, nazirlər missiyanın Ermənistan və Azərbaycan sərhədlərində yerləşdirilməsinə razılıq verəcəklər”, - deyə o qeyd edib.
Ötən cümə günü Avropa İttifaqının texniki nümayəndə heyəti Azərbaycanla sərhəddə monitorinq missiyasının işini hazırlamaq üçün Yerevana gəldiyi bildirilib.
Missiyanın vəzifəsi “bu ayın sonunda” Azərbaycanla sərhədin Ermənistan hissəsinə müşahidəçilərin yerləşdirilməsinə hazırlamaqdır.
Bundan əvvəl Avropa Şurasının saytında Aİ-nin Ermənistan və Azərbaycan sərhədində iki ay müddətinə mülki missiyasının oktyabrda işə başlayacağı barədə məlumat yayılmışdı.
Qeyd olunur ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım etməyə razılaşıb. Azərbaycan bu missiya ilə əməkdaşlığa razılıq verib.
Aİ missiyasının məqsədi “etimad yaratmaq” və “sərhəd komissiyalarının işinə töhfə vermək”dir.
Avropalı mənbə jurnalistlərə bildirib ki, bu məsələnin aktuallığına görə yaxın vaxtlarda Gürcüstandan Ermənistana 40-a yaxın avropalı müşahidəçi köçürüləcək.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və ermənistanlı həmkarı Aratat Mirzoyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib.
Qeyd olunub ki, nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Görüşdə həmçinin Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub.
Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.