BAKI, 16 oktyabr - Sputnik. Birləşmiş Ştatların Prezidenti Co Bayden deyib ki, o, əvvəldən Böyük Britaniyanın baş naziri Liz Trassın iqtisadi planını səhv hesab edib. Bu barədə TASS xəbər verir.
Bundan əvvəl “The Guardian” nəşri Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasından olan deputatların baş nazirin siyasi gələcəyini müzakirə etmək üçün bazar ertəsi görüşmək niyyətində olduqlarını yazıb. Eyni zamanda, daha çox fraksiya üzvü liderin dəyişdirilməsinin vacibliyini bəyan edib.
ABŞ-ın Oreqon ştatında çıxışı zamanı Bayden bildirib ki, Birləşmiş Krallıqda hadisələrin hazırkı inkişafı tamamilə gözlənilən olub.
Ağ Ev rəhbəri Trassın təklif etdiyi planla razılaşmadığını vurğulayıb. Eyni zamanda, Amerika lideri hesab edir ki, mövcud vəziyyətlə bağlı bütün qərarlar ingilislərin özlərindən asılı olmalıdır.
Bundan əvvəl Şotlandiyanın birinci naziri Nikola Sterdcen da Trassın siyasəti nəticəsində regionda separatizmin böyüməsi barədə məlumat vermişdi.