BAKI, 16 oktyabr — Sputnik. Qiymət artımına qadağa qoymaq mümkün olsaydı, bütün dünya ölkələri bu yola əl atardı. Çünki qiymət artımına qadağalar qoyulan kimi mallar piştaxtalardan yoxa çıxır, qıtlıq yaranır. Ölkəmizdə bu üsulun tətbiqi lazım deyil.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Belarusda qiymət artımına qadağa qoyulması məsələsini şərh edərkən deyib. SSRİ dövründə Belarusla yanaşı Azərbaycanın da bu dövrü keçdiyini xatırladan ekspert bildirir ki, inzibati yolla qiymətlərin tənzimlənməsi cəhdi hər zaman daha böyük qıtlıqlara, problemlərə, nəticə etibarı ilə sonda qiymətlərin daha da artmasına səbəb olur:
"Bu vəziyyət həmçinin qeyri-leqal satışların da artmasına səbəb olur. Bu səbəbdən də yaranmış problemi inzibati yolla həll etmək mümkünsüzdür".
Ölkədə qiymət artımını önləmək üçün nə etmək olar?
Natiq Cəfərli deyir ki, qiymət artımının qarşısını almaq üçün dövlət əlindəki alətlərdən istifadə etməlidir:
"Məsələn, ərzaq məhsullarına tətbiq olunan vergiləri ləğv etmək olar. Yaxud da, satış, əlavə dəyər vergisini ləğv etmək, ərzaq məhsullarında gömrük rüsumlarını sıfırlamaq olar. Azərbaycanda istehsal olunmayan ərzaq məhsullarına nə üçün 15 faiz gömrük rüsumu tətbiq edilməlidir? Ərzaq məhsullarında əlavə dəyər vergisini 18 faizdən 2 faizə salmaq olar. Təkcə ərzaq məhsullarında deyil, dərman preparatlarında da bənzər addımlar atmaq olar ki, qiymətlər daha sərfəli və əlçatan olsun".
Ekspertin fikrincə, dövlət əlindəki inzibati-iqtisadi alətlərlə qiymətlərin tənzimlənməsinə çalışa bilər. Bu addım effektiv nəticə verərdi. Bu cür qərarlarla hökumət sosial yardımların da effektivliyini artırmalıdır.
Millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan- a açıqlamasında bildirib ki, qiymət artımının minimallaşdırılması, istehlak bazarında infilyasiya səviyyəsinin azaldılması üçün strateji olaraq, idxaldan asılılığı aradan qaldırmaq, xüsusən də ərzaq məhsullarının istehsalını genişləndirmək çox vacibdir:
"Yerli istehsalın genişləndirilməsi həm də dünya bazarında baş verən qiymət artımının təsirlərini minimallaşdırmağa imkan verəcək".
Bayramovun fikrincə, dünya bazarında baş verən qiymət artımı Azərbaycan üçün idxal infilyasiyası yaradıb ki, bu da nəticədə ümumi istehlak bazarında qiymət artımlarının daha da yüksəlməsinə səbəb olur.
Millət vəkili deyir ki, qiymət artımının qarşısını almaq üçün bir sıra təşviqedici metodlardan istifadə etmək olar:
"Sahibkarların xərclərinin müəyən hissəsinin dövlət tərəfindən qarşılanması onların xərclərinin azalmasına, bu amil də qiymətlərin enməsinə səbəb ola bilər. Bundan başqa, idxal məhsulları üzrə differensiallaşmış qiymətlərin olması daha məqsədə uyğun olardı. Bütün hallarda istehsalın genişənməsi, idxaldan asılılığın aradan qaldırılması istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daha məqsədəuyğundur".
"Bir yumruğa" qiymətləri qaldırmamaq
Digər millət vəkili Rüfət Quliyev bildirir ki, bazar iqtisadiyyatının qanunlarına zidd addım atmaq mümkünsüzdür:
"Yumruq vurub demək ki, qiymətləri qaldırmaq olmaz, bu, bazar iqtisadiyyatının qaydalarının pozulmasıdır. Azərbaycan hökuməti tərəfindən də kifayət qədər addımlar atılır. Makroistiqsadi idarəetməni tam işə salmışıq. Lakin yeganə çıxış yolu bolluqdur. Daxildə istehsal olunan məhsulun həcmini, çeşidini, keyfiyyəti və kəmiyyətini artırmaq lazımdır ki, bu yolla qiymət artımının qarşısı alınsın".
"Tələb-təklif qanununun pozulmaması üçün təklifin miqdarı tələbi aşmalıdır. Bu zaman qiymət artımının qarşısını almaq və inflyasiyanı cilovlamaq mümkün olacaq. Bunun üçün də bizim xüsusi proqramlarımız var", - deyə millət vəkili əlavə edib.
Bir sıra ölkələrin təcrübəsindən danışan millət vəkili qeyd edir ki, mikro və orta sahibkarlığın sürətlə genişlənməsi proqramı da sosial problemlərin həllinə geniş imkan verəcək.
Belarusda qiyməti qaldırmama qadağası
Qeyd edək ki, postpandemiya dövründə demək olar ki, bütün ölkələr qiymət artımı problemi ilə üz-üzə qalıblar. Belarus isə vəziyyətdən çıxış yolunu qiymət artımını qadağan etməkdə görüb. Oktyabrın 6-dan etibarən bu ölkədə qiymət artımı qadağan edilib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvaravqust aylarına nisbətən 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilmişödənişli xidmətlər üzrə 110,0 faiz təşkil edib.
Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 114,2 faiz təşkil edib. 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin,yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,9 faiz təşkil edib. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, mebellərin, məişət cihazlarının, işıq lampalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunub.
Başqa qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin avqust ayına nisbətən 109,5 faiz təşkil edib.