BAKI, 15 oktyabr - Sputnik. Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Prezidentin Hüquqi məlumatların internet portalında dərc olunan fərmanına əsasən, Rusiya Bankı dəyəri on min dollardan çox olan xarici valyutanın ixracına icazə verə biləcək.
"Rusiya Federasiyası Prezidentinin 1 mart 2022-ci il tarixli 81 nömrəli Fərmanını tətbiq etmək üçün ... Rusiya Federasiyasının Mərkəzi Bankına nağd və (və ya) xarici valyutanın ixracına icazə vermək səlahiyyəti verilsin. Söhbət bu fərmanın 1-ci bəndinin "j" yarımbəndində göstərilən məbləğdən artıq miqdarda Rusiya Federasiyasından xarici valyutada olan pul alətlərindən gedir", - sənəddə deyilir.
Qeyd olunur ki, belə icazələrin verilməsi Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi hallarda və qaydada həyata keçirilir.
Martın 1-də prezident Vladimir Putin Rusiyanın maliyyə sabitliyini təmin etmək üçün fərman imzalayıb. Digər məsələlərlə yanaşı, dövlət başçısı ölkədən dəyəri on min dollardan çox olan nağd valyutanın çıxarılmasına qadağa qoyub.
Sənəddə belə bir addımın atılmasına “Amerika Birləşmiş Ştatlarının və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri”nin səbəb olduğu vurğulanıb. Fərmanda o da qeyd olunub ki, Moskvanın hərəkətləri milli maraqların qorunmasına yönəlib.
Rusiya ordusunun Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlamasından sonra Qərb ölkələri Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib. Belə ki, Rusiyanın 300 milyard dollara yaxın ehtiyatları dondurulub. Rusiya enerji mənbələrindən imtina çağırışları da güclənib. Bununla belə, tədarük zəncirlərinin pozulması Avropa və ABŞ-da iqtisadi problemlərə, ilk növbədə ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olub.
Kreml sanksiyaları misli görünməmiş iqtisadi müharibə adlandırıb. Hakimiyyət hadisələrin bu cür inkişafına hazır olduğunu vurğulayıb və sosial öhdəliklərini bundan sonra da yerinə yetirəcəklərinə əmin ediblər.