BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı ölkədə ilk dəfə olaraq avtomobillərin icbari sığortası üzrə şikayət indeksini açıqlayıb.
Avtomobillərin icbari sığortası sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan "şikayət indeksi"nin ictimaiyyətə açıqlanması qərara alınıb.
Bu, vətəndaşların seçiminə təsir göstərən indeksdir
Yeniliyi şərh edən iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, vətəndaşlar sığorta şirkətlərini seçəndə bu meyarlara əsaslanacaq, hansı sığorta şirkətindən narazılığın olub-olmadığını təyin edəcəklər:
"Yəni bu, vətəndaşların seçiminə təsir göstərən bir indeksdir. Sığorta şirkətləri bu indeksi analiz edəcəklər. Bu analizdən sonra sığorta şirkətləri vətəndaşların sorğularına kifayət qədər həssas yanaşmağa çalışacaqlar. Amma sığorta şirkətləri görsələr ki, bu indeks işləmir, obyektiv deyil, təhrif olunur o zaman bu, o qədər də effektiv olmayacaq. Eyni zamanda bunun geniş təqdimatı olmalıdır".
İndeks işlərin keyfiyyətinə və zərərlərin tənzimlənməsinə birbaşa təsir edəcək
Sığorta eksperti İlkin Nəcəfov da Sputnik Azərbaycan-a deyib ki, bu, müştəri məmnuniyyətinin müəyyən edilməsi üçün ciddi indikatorlardan biridir: "Bu da işlərin keyfiyyətinə və zərərlərin tənzimlənməsinə birbaşa təsir edəcək. Şirkətlər daim məsuliyyət hiss edəcəklər ki, müştərilərini itirməmək üçün bu indeksdə reytinqləri aşağı düşməsin. Ümid edirik ki, bu addım zərərlərin tənzimlənməsində gecikmənin olması, sığorta ödənişləri məbləğinin vətəndaşları qane etməməsi kimi məsələlərin həllinə müsbət təsir edəcək".
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, Mərkəzi Bank sığorta sektorunun inkişafı, sığorta xidmətlərinə ictimai etimadın, xüsusilə, sektorun maliyyə dayanıqlığının və sığorta istehlakçılarına qarşı daha ədalətli rəftarının gücləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir. Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə baş verən sığorta hadisələrinin ədalətli tənzimlənməsi və risk faktorlarına əsaslanan sığorta haqlarının müəyyən olunması mexanizmlərinin yaradılmasıdır.
İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub
Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan "şikayət indeksi"nin ictimaiyyətə açıqlanması qərara alınıb. İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.
Şikayət indeksi açıqlandığı tarixdən son 12 ay ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq və aylıq məlumatlar əsasında yenilənəcək.
Avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub
Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.
Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sığorta istehlakçılarına münasibətdə ədalətli davranışının daha da yaxşılaşdırılması, sığorta sahəsində ictimai məlumatlığın genişləndirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan tədbirlərini davam etdirəcək.
Qeyd edək ki, avtomobillərin icbari sığortası üzrə Mərkəzi Banka daxil olan şikayətlər üzrə "şikayət indeksi"nə aşağıdakı cədvəldən baxmaq olar: