BAKI, 15 oktyabr - Sputnik. Fransanın Bakıdakı səfirliyi önündə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makronun Azərbaycan tərəfinin guya Ermənistana qarşı təxribat törətməsi barədə bəyanatından narazılıqlarını bildiriblər.
Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makronun Azərbaycan tərəfinin guya Ermənistana qarşı təxribat törətməsi barədə bəyanatından narazılıqlarını bildiriblər.
Makron nə deyib?
Fransa prezidenti Emmanuel Makron Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib. Eyni zamanda, Fransa lideri Moskvanın Bakının “xeyrinə oynadığını” iddia edib. Bu barədə o, France 2 telekanalının “L'Événement” verilişində bildirib.
Verilişin aparıcısı Karolin Ru Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini soruşaraq, bu yaxınlarda Ermənistandan qayıdan məşhur səyyah və yazıçı Silven Tessonun prezident Makrona müraciətindən bir parça oxuyub. Tesson yazır ki, "Ermənistan bizim üçün başqaları kimi sadəcə bir ərazi deyil. Onun taleyi, tarixi, yaddaşı, mədəniyyəti, ağrıları, torpağı, yıxılanı... Avropanın avanpostudur. Cənab Prezident, ermənilər sizdən soruşurlar: "Fransa Ermənistanı müdafiə etmək üçün müttəfiqlərini konsolidasiya etmək riskini edəcəkmi?"
Verlişin aparıcısı Makronu “Ermənistanı öz taleyinə buraxdığına görə” qınayıb. Makron isə cavabında deyib ki, Fransa ilə Ermənistan arasında həqiqətən unikal əlaqənin olması ilə razılaşır. Lakin onun taleyinə biganəlik ittihamlarını qəti şəkildə rədd edir. O, Fransanın "Osmanlı İmperiyasında Erməni Soyqırımının inkarına" qarşı mübarizədə hər zaman ardıcıl olduğunu xatırladaraq kiçik bir tarixi ekskursiya edib. Həmçinin xatırladıb ki, bir çox erməni Fransanın özünün inkişafına böyük töhfə verib.
"İlk növbədə onu deyim ki, Tesson, şübhəsiz ki, haqlıdır. Ermənistan bizim xüsusi əlaqəmiz olan ölkədir. Çünki Ermənistan həmişə bu regionda tolerantlıq və sülh üçün mübarizə aparıb", - Makron bildirib.
Missiyasından danışan Makron xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində son eskalasiya başlayandan dərhal sonra Fransa Xarici İşlər Nazirliyi və yüksək siyasi rəhbərlik vasitəsilə münaqişə tərəfləri ilə əlaqə saxlayıb. Ermənistanın Baş naziri Paşinyan isə demək olar ki, dərhal Makronun özü ilə Yelisey sarayında görüşüb. Həmçinin, Fransanın vasitəçiliyi və Avropa Şurası rəhbərinin iştirakı ilə Avropa siyasi birliyinin sammiti çərçivəsində Praqada Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.
Onun sözlərinə görə, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz, çünki “bu, Ermənistanın baş nazirinə yaxın tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verib”.
O, iki il əvvəl Dağlıq Qarabağda baş vermiş müharibəni də xatırladıb.
Fransa prezidenti hüqiqu faktları, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü ayaqlar altına salaraq iddia edib ki, "Qarabağ beynəlxalq səviyyədə tanınmamış və mübahisəli ərazidir, lakin "Ermənistan Qarabağda idi, çünki bu ölkənin ürəyindədir".
O, həyasızcasına deyib ki, "Azərbaycan çoxsaylı qurbanlara və qəddarlığa səbəb olan dəhşətli müharibəyə başlayıb və bu ərazini (Qarabağı) işğal edib. Fransa prezidenti iddia edib ki, "bu ilin sentyabrında Azərbaycan [Naxçıvana] dəhliz açmaq üçün [Ermənistanla] sərhəddə bir neçə hücum əməliyyatına başlayıb".
"Biz bunu birmənalı olaraq pislədik. Biz Avropa Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə bir araya toplaşaraq qərara gəldik ki, ilk növbədə, tərəflər 1991-ci il sərhədlərinin tanınması ilə bağlı öhdəlik götürsünlər..." - Makron deyib.
Eyni zamanda ritorik sualla söhbəti başqa məcraya çevirib: “İki ildir ki, bu sərhəddə nə baş verir?”. Fransa lideri iki ildir ki, sərhəddə 5 min rus əsgərinin olduğunu deyib. O iddia edib ki, “Rusiya bu münaqişədən sui-istifadə edərək, işə qarışaraq Türkiyənin şərikliyi ilə Azərbaycanın oyununu açıq-aşkar oynayıb, sonra da Ermənistanı zəiflətmək üçün ora qayıdıb”.
Fransa rəhbəri Rusiyanın “hamını zəiflətmək və parçalamaq” məqsədilə Qafqazda iğtişaşlar yaratmaq niyyətində olduğunu bildirib. Eyni zamanda, özünü dünyada əsas danışıqları aparan şəxs kimi təqdim edərək, “Fransa buradadır və o, əsas vasitəçi gücdür” deyib.
Aİ-nin qaz tədarükü sazişinə görə Azərbaycana qarşı hər hansı xüsusi tolerantlıq nümayiş etdirib-etdirmədiyi soruşulduqda Makron vurğulayıb ki, Fransa Azərbaycandan qaz almır.
"Biz ermənilərdən əl çəkməyəcəyik. Fransa Azərbaycan qazını almır, razılaşma yoxdur. Təbii ki, bir neçə Avropa ölkəsinin qaz müqaviləsi var. O ki qaldı Fransaya və Avropanın səsinə, birbaşa sizin gözünüzün içinə və hamının qarşısında soydaşlarımıza deməliyəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qaza, nə də neftə satın alına bilməz”, - Makron bəyan edib.
Azərbaycanın Makronun fikirlərinə reaksiyası
Azərbaycanın Xarici İşlər Nazirliyi də Makronun fikirlərini qərəzli adlandırıb.
"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik". - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin ötən gün yaydığı məlumat deyilir.
Nazirliyin E.Makronun Azərbaycana qarşı söylədiyi fikirlərə dair şərhində vurğulanıb ki, Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib.
"Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir", - Azərbaycan XİN-dən bildirilib.