BAKI, 15 oktyabr - Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.
Ermənistan XİN başçısı bunu özünün Twitter hesabında yazıb.
“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - A.Mirzoyan qeyd edib.
İsrail hökuməti isə kömür mədənində baş vermiş qəza ilə bağlı Türkiyəyə köməyə hazır olduğunu bəyan edib.
Bu barədə İsrailin Baş naziri Yair Lapid Twitter-də bildirib.
"İsrail Bartın vilayətində baş verən dəhşətli faciədən sonra Türkiyənin yanındadır. Mən Mövlud Çavuşoğluna həlak olanlarla bağlı başsağlığımızı çatdırdım, yaralananlara şəfa dilədim", - Lapid yazıb.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.