CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Edillidəki kütləvi məzarlığın altında başqa insan qalıqlarının olduğu ehtimal edilir

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü bildirib ki, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlığın altında Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş digər insanların da qalıqlarının ola biləcəyi ehtimal edilir.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək.
“Özü də təkcə bu kütləvi məzarlığın ərazisində deyil, bütün Xocavənd rayonunda. Bu işlər işğaldan azad edilmiş digər ərazilər də minalardan təmizləndikcə davam etdiriləcək”, - Z.İsmayılov bildirib.
O vurğulayıb ki, Azərbaycan hərbçilərinə aid olduğu güman edilən 12 nəfərin tapılan qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya veriləcək, sonra isə yaxınlarına təhvil veriləcək.
“Lakin həmin şəxslərin vəfatından 30 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq, bu iş ləngiyə bilər”, - Z.İsmayılov qeyd edib.
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
QARABAĞ
Edillidə törədilən misilsiz cinayətlərin qorxunc izləri: Jurnalistləri şoka salan məzarlıq