BAKI, 14 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkədə qismən səfərbərliklə bağlı tədbirlərin iki həftə ərzində başa çatdırılması planlaşdırılır.
"Bu iş artıq tamamlanır. İndi birləşmə qoşunlarında 300 min nəfərdən 222 mini səfərbər olunub. Düşünürəm ki, təxminən iki həftə ərzində bütün səfərbərlik işləri başa çatacaq", - Putin Qazaxıstana səfərinin yekunu üzrə mətbuat konfransında deyib.
Dövlət başçısı həmçinin bildirib ki, səfərbər edilmiş 222 min vətəndaşdan 33 mini hissələrdədir, 16 mini isə artıq döyüş tapşırıqlarına cəlb olunub.
O, səfərbərlik zamanı yol verilən səhvlər mövzusuna da toxunub.
"Dediyim axmaqlığa gəlincə, bu, onilliklər ərzində yenilənməmiş köhnə uçot formaları ilə bağlıdır. Və bu səfərbərlik tədbirləri başlayanda onların hansı keyfiyyətdə olduğu yalnız o zaman bəlli oldu".
O əlavə edib ki, ölkədə qismən səfərbərlik zamanı informasiya bazaları ilə bağlı problemlər müəyyən edilib, müasir bazaya keçid üzrə işlər artıq aparılır. Prezidentin sözlərinə görə, yeni baza “maksimum etibarlı” olacaq.
Putin Rusiyada əlavə səfərbərliyin planlaşdırılmadığını da bildirib. "Birincisi, Müdafiə Nazirliyi ilkin olaraq 300 min nəfər yox, daha aşağı rəqəm götürüb (səfərbər etmək). İkincisi, əlavə heç bir şey nəzərdə tutulmayıb. Müdafiə Nazirliyindən bununla bağlı və yaxın gələcəkdə heç bir təklif daxil olmayıb. Mən ehtiyac görmürəm”, - dövlət başçısı bildirib.
O, səfərbərlik planlaşdırılan 300 min nəfərin rəqəminin hələ də aktual olub-olmaması, qismən səfərbərliyin, yoxsa ümumi səfərbərliyin yeni dalğasının olacağı sualına cavab verib.
Putin bundan əvvəl Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərman imzalayıb. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan əsgər çağırılacaq.