BAKI, 13 oktyabr — Sputnik. "Türkiyənin məqsədi Ukraynada tezliklə atəşkəsə nail olmaqdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Türkiyə lideri Ankaranın Ukrayna limanlarından taxıl ixracı və Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiyini vurğulayıb.
"Məqsədimiz çətinliklərə baxmayaraq, əldə olunan sürəti qorumaq və ən qısa zamanda atəşkəsə nail olmaqla, axan qanı dayandırmaqdır. Ədalətli sülh diplomatiya yolu ilə əldə oluna bilər. Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində intensiv səylərimiz bütün dünya tərəfindən qəbul edilib", - deyə Ərdoğan bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xatırladaq ki, cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edib.
Prezident bildirib ki, ən çox ehtiyacı olan ölkələrə yardımı nəzərdə tutan BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız iki gəmi yüklənib.
"Vurğulayıram: 87-dən yalnız ikisi. Onlar 2 milyon tondan 60 min ton ərzaq ixrac ediblər - bu, inkişaf etməkdə olan ölkələrə göndərilənlərin cəmi 3 faizidir. Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadıb və aldatmaqda davam edir", - deyə Putin bildirib.