BAKI, 13 oktyabr - Sputnik. Budapeşt “Türk axını”nın təhlükəsiz istismarının təmin edilməsini və “Şimal axını”na bənzər hər hansı təxribatı istisna etməyi vacib sayır.
Bunu Macarıstan xarici işlər naziri Peter Siyatro “Rusiya Enerji Həftəsi”ndə çıxışında bildirib.
"Biz Rusiyanın enerji mənbələrini enerji balansımızıdan xaric edə bilmərik, ona görə də "Türk axını"nın təhlükəsiz işləməsi bizim üçün son dərəcə vacibdir. Biz "Şimal axını"nda törədilən partlayışlardan narahatıq və şoka düşürük. Bu, Avropa enerji təhlükəsizliyi sahəsində yeni ölçüdür, çünki hücum Avropanın strateji infrastrukturuna qarşı həyata keçirilib",- macar nazir deyib.
"Biz "Türk axını" ilə bağlı hər hansı bu kimi insidentlərin qarşısını almaq istərdik. Bu boru kəmərinə qarşı təxribat olarsa, bizim enerji təchizatı təhlükəsizliyimiz yox olacaq”, - deyə Macarıstan XİN başçısı vurğulayıb.
"Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinə qarşı təxribat
Xatırladaq ki, oktyabrın 6-da İsveç Dövlət Təhlükəsizliyi Xidməti (SEPO) İsveç kəşfiyyat xidmətlərinin "Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri ilə insidentlər sahəsində yoxlamanı başa çatdırdığını və obyektlərdə təxribat versiyasını təsdiqləyən məlumatlar olduğunu bildirib.
"Bu istintaq genişmiqyaslı təxribatın baş verdiyinə dair şübhələri gücləndirib", - press-relizdə deyilir.
Ekspertlər müəyyən ediblər ki, İsveçin xüsusi iqtisadi zonasında hər iki qaz kəmərində partlayışlar baş verib və nəticədə onlara ciddi ziyan dəyib.
Terror aktları sentyabrın 26-da birdən-birə Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"-də baş verib.
Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib.
"Qazprom" oktyabrın 3-də bildirib ki, zədələnmiş "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiq sabitləşib, qaz sızması dayanıb və onun bütövlüyünü yoxlamaq üçün digər "Şimal axını-2" qaz kəmərindən qaz çəkilir.
Öz növbəsində, İsveç Sahil Mühafizəsi həmin gün "Şimal axını-2"dən "daha kiçik" sızmanın davam etdiyini və hətta bir qədər də artdığını bildirib.
Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb.
Rusiya Prezidenti Vladimir Putin "Şimal axını" qaz kəmərində təxribatın baş verməsində ABŞ-ı günahlandırıb.