BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan təbii qazını Türkiyə üzərindən Cənubi Avropaya nəql edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Dünya Bankı Qrupunun (DB) təşviq etdiyi ilk 10 faydalı yanacaq layihəsi siyahısında birinci yerdədir.
Bu barədə Dünya Bankının yeni "Big Shift Global" hesabatında deyilir.
Hesabatda Dünya Bankının son illərdəki maliyyə axınları təhlil edilir və inkişaf bankının köməyilə irəliləyən ilk 10 faydalı yanacaq layihəsi müəyyən edilir.
Hesabata əsasən, Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) 2018-ci ildə investorları qorumaq üçün TANAP-a 1,1 milyard ABŞ dolları kredit zəmanəti verib. Türkiyə ərazisindən təxminən 1 150 mil uzanan boru kəmərinin Azərbaycandan Avropaya illik 16 milyard kubmetr qaz nəql edəcəyi gözlənilir ki, bu da Azərbaycanın hazırkı illik ixracından üç dəfə çoxdur.
"AKA Bank", "Citi", "Credit Agricole CIB", ING, LBBW, "Santander" və "Societe Generale" bankların kreditlərinə 15 illik zəmanət verilib.
Digər misal, 2019-cu ildə Beynəlxalq Maliyyə Korporasiyası (İFC, Dünya Bankı Qrupuna daxildir) tərəfindən Asu (Braziliya) limanında qazla işləyən elektrik stansiyası və mayeləşdirilmiş təbii qaz (LNG) idxal terminalı üçün verilmiş 288 milyon ABŞ dolları məbləğində kreditdir. Başqa bir misal, Argentinanın Buenos-Ayres şəhərindən kənarda neft emalı zavodunu genişləndirmək üçün 2019-cu ildə qismən BP-yə məxsus neft şirkəti olan "Pan American Energy"yə 135 milyon ABŞ dolları kredit ayrılıb.
Dünya Bankı Qrupu 2015-ci ildə Paris İqlim Sazişinin imzalanmasından sonra dünya üzrə 144 faydalı yanacaq layihələrinə 14,8 milyard ABŞ dolları ayırıb və bu, pisləşən iqlim böhranı ilə mübarizə üçün qlobal səylərə zərbə vurub. Hesabata əsasən, bu pullar qaz kəmərləri, neft emalı zavodları, LNG terminalları və təbii qaz elektrik stansiyalarının tikintisini aparmağa kömək edib.
2022-ci maliyyə ilində Dünya Bankı bütün dünyada icmalara iqlim böhranına cavab vermək və daha təhlükəsiz və təmiz gələcək qurmaqda kömək etmək üçün iqlimlə bağlı 31,7 milyard ABŞ dollarlıq rekord məbləğdə investisiya ayırıb.
2021-ci maliyyə ilində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəxlaq İnkişaf Assosiasiyası (Qrupun struktur bölmələri) yeni faydalı yanacaq növlərini maliyyələşdirməyib. Dünya Bankı Qrupu 2019-cu ildə neft və qaz kəşfiyyatı və hasilatına investisiyaları dayandırıb.
Bununla belə, hesabatda mövcud faydalı yanacaq yandırılması layihələri, yəni Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 600 milyon ABŞ dolları məbləğində kredit ayırdığı Türkiyədə qaz anbarının genişləndirilməsi üzrə cari maliyyədən bəhs edilmir. Bank 2024-cü ilin oktyabr ayına qədər layihəyə pul ayıracaq.
Qeyd edək ki, Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz Türkiyəyə nəql olunur. Təbii qazın həcmləri Türkiyə bazarına Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə çatdırılır. Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının tədarükü 2018-ci il iyunun 30-da başlayıb.
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın "mavi yanacağı" TANAP vasitəsilə Türkiyə bazarına, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə isə Avropa bazarına çıxarılır. (Report)