BAKI, 14 oktyabr — Sputnik. Dünən paytaxtda yük avtomobilinin və sərnişin avtobusunun iştirakı ilə baş verən dəhşətli qəza sərnişinlərin sığorta məsələsini gündəmə gətirib. Qəzada həyatını itirən beş nəfərə və müxtəlif dərəcəli bədən xəsarətləri alan 25 nəfərə sığorta ödənilməsi ilə bağlı məsuliyyətin hansı qurumun üzərinə düşdüyü sual doğurur.
Sputnik Azərbaycan sərnişindaşımada qəza zamanı ölən və yaralanan sərnişinlərə sığorta haqqının daşıyıcı şirkət, yoxsa sığorta şirkəti tərəfindən ödənilməli olduğunu, eləcə də sığorta haqqı məbləğini araşdırıb.
Ölüm hadisəsinə görə 50 min manat, xəsarət hadisəsinə görə, 5 min manat sığorta haqqı ödənilməlidir
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o sərnişin qəza zamanı sığorta ala bilər ki, onun istifadə etdiyi müntəzəm marşrut avtobusu qanuni fəaliyyət göstərir. Dünən qəzaya uğrayan sərnişin avtobusunun fəaliyyəti qanuni olduğundan, həlak olan və xəsarət alan sərnişinlərə sığorta ödənilməlidir:
"Dünən baş verən qəzada isə situasiya bir qədər fərqlidir. Çünki, dünyasını dəyişənlərdən yalnız biri avtobusun sərnişinidir. Digər həlak olan dörd nəfər dayanacağın yaxınlığında dayanmış şəxslərdir. Amma xəsarət alan sərnişinlər arasında ağır vəziyyətdə olan, əlillik qazananlar var. Bu əsas verir ki, həm qəzada ölən şəxsin yaxınları, eləcə də xəsarət alan şəxslər sığorta üçün müraciət edə bilərlər".
E. Muradlı bildirir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasına görə, sərnişin avtobuslarını istismar edən daşıyıcılar da icbari sığorta haqqı ödəyirlər. Buna görə də, ekspert qəzada ölüm hadisəsinə görə 50 min manat, xəsarət hadisəsinə görə, 5 min manat sığorta haqqı ödənilməli olduğunu söyləyir.
Ekspert bildirir ki, sığorta haqqını almaq üçün ölən şəxsin ailə üzvləri, xəsarət alanlar hüquqşünasın köməkliyi ilə rəsmi şəkildə sığorta edən şirkətə müraciət edə bilər.
Sığortanı günahkarı sığorta edən şirkət ödəməlidir
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü İlkin Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən yük avtomobilinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi zəncirvari qəzadır. Ona görə də, burada birbaşa səbəbkarın ödənişi üzrə sığorta edilməlidir:
"Görüntülərdən də məlum olur ki, yük avtomobilinin avtobusa çırpılması nəticəsində avtobus aşıb. Buna görə də zərərçəkmişlərə sığorta haqqını yük avtomobilini sığorta edən şirkət ödəməlidir. Bu qəzada günahkar avtobusun sürücüsü deyil. Dövlət Yol Polisinin əməkdaşları istintaq hərəkətləri apararaq yekun qərar verərsə ki, günahkar yük avtomobilidir, bu zaman icbari sığorta şirkəti hadisə üzrə 50 min manata qədər ödənişi ödəyə bilər".
Sığorta məbləği ölən və xəsarət alanlar arasında bölünür
Ekspert deyir ki, qaydada nəzərdə tutulmuş icbari sığorta məbləğləri cəmləşdirilmiş limitdir. Yəni bir qəza hadisəsində sığorta şirkəti ölüm hadisəsinə görə maksimum 50 min manat ödəyə bilər. Amma bu heç də hadisə zamanı həyatını itirmiş hər şəxsə 50 min manat sığorta haqqı ödəniləcəyi anlamına gəlməməlidir: "Bir hadisədə 10 nəfər həyatını itirərsə sığorta şirkətinin hər bir varisə 5 min manat vermək öhdəliyi var. Hadisədə 10 nəfər yox, 20 nəfər həyatını itirirsə bu zaman 50 min manat 20 nəfərin varisi arasında bölünür".
İ.Nəcəfov deyir ki, əgər sürücünün məsulisiyyətsizliyi nəticəsində 3-cü şəxs az xəsarət alarsa bir nəfərə sığorta ödənişi məbləği 750 manatdır. Əgər xəsarət ağırdısa 1500 manat sığorta haqqı ödənilir. Hadisə zamanı zərərçəkmiş şəxs əlilik alarsa ikinci qrup əlilliyə görə 60 faiz-yəni 3 min manat, 1 -ci qrup əliliyə görə, 80 faiz-4 min manat sığorta haqqı ödənilir.
Ekspert bildirir ki, ictimai nəqliyyat vasitələri icbari sığortalanmalıdırr. Sığortalanmadıqları halda onlara cərimə protokolu tətbiq edilməlidir.
Sağlamlığa görə ödənilən sığorta haqları çox aşağıdır
Hüquqşünas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələri zamanı vətəndaşların sığorta şirkətlərindən onlara çatacaq sığorta haqqını alması uzun zaman tələb edir. Hüquqşünas bildirir ki, sığorta şirkətəri əksər hallarda vətəndaşların məlumatsızlığından istifadə edib qəza zamanı vətəndaşın sağlamlığına vurulmuş ziyanı ödəmək istəmirlər. Ödədikdə isə müxtəlif tibb müəssisələrindən xəsarətin ağır-yüngüllüyünə dair o qədər sənəd tələb edirlər ki, zərərçəkmiş ödəniləcək 700-1000 manat üçün vaxtını sərf etməkdən imtina edir:
"Həmin sığorta məbləğini almaq üçün vətəndaşlar hüquqşünasa müraciət etməli olurlar. Vəkilə ödəniləcək məbləği, get-gəl üçün sərf ediləcək zamanı hesablayanda həmin sığortanı almaq zərərçəkmişlərə çox vaxt sərf etmir. Hər avtomobilin sığortasına 150-300 manat alan sığorta şirkətləri dəymiş zərərə görə çox az vəsait ödəyirlər. Hesab edirəm ki, şəxsin sağlamlığına dəyən zərər üzrə sığorta ödənişlərinin məbləği artırılmalıdır".
Hansı avtomobillər icbari sığorta olunmalıdır?
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən Sputnik Azərbaycan-a bildirildi ki, 2011-ci il 24 iyun tarxindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "İcbari sığortalar haqqında"qanununa əsasən həyata keçirilir. Qanuna əsasən avtonəqliyyat vasitələrinin icbari sığortası nəqliyyat vasitələrinin istifadəsi ilə üçüncü şəxslər qarşısında mülkü məsuliyyətin sığortasına əsaslanır.
Əgər sığorta müqaviləsi bağlanarsa, müqavilədə başqa cür nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri isə fərqlidir. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 , bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000, bir hadisə üzrə - 50 000 manatdır.
Qaydaya əsasən mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan avtonəqliyyat vasitələri, yəni- minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, motosiklеtlər və motorollerlər traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri, trollеybuslar və tramvaylar icbrai sığorta olunmalıdır.
Avtomobillərin sığorta məbləği fərqlidir
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları isə fərqlidir. Burada fiziki şəxslər üçün sığorta haqları 12,5 manatdan, hüquqi şəxslər üçün 15 manatdan başlayır. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə 9-16 oturacaq yeri olduqda fiziki şəxs 150, hüquqi şəxs 180 manat sığorta haqqı ödəməlidir. Sərnişin yerlərinin sayı 16-dan artıqdırsa, fiziki şəxslər 200, hüquqi şəxslər 240 manat icbari sığorta haqqı ödəyir.
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə 3500 kq-dan çox olmadıqda fiziki şəxslər üçün icbari sığorta haqqı 150 manat, hüquqi şəxslər üçün 180 manatdır. Kütlə həcmi 3501 kq – 7 000 kq olduqda bu məbləğ fiziki şəxslər üçün 200, hüquqi şəxslər üçün 240 manatdır. Əgər yük avtomobilinin icazə verilən kütləsi 7000 kq – dan yuxarıdırsa bu zaman fiziki şəxslər 250, hüquqi şəxslər 300 manat icbari sığorta haqqı ödəməlidirlər.
Qeyd edək ki, dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada xəsarət alanlara tibbi xidmət pulsuz göstərilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, həmin xəstələrə icbari tibbi sığorta çərçivəsində pulsuz tibbi xidmət göstərilir: " 2024-cü ilədək icbari tibbi sığorta çərçivəsində sığorta haqqı ödəməsindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına tibbi xidmət eyni cür tətbiq olunur".