BAKI, 13 oktyabr — Sputnik. "Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir". Bu sözləri REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, bu ilk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır:
"Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?"
E.Əmrullayev hesab edir ki, çox ciddi problemlə üz-üzəyik:
"Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm".
Qeyd edək ki, sertifikatlaşdırmadan keçən 3 086 təhsilverən vəzifə maaşına 35 faiz, 5 590 müəllim isə 10 faiz əlavə alır.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı da savadsız müəllimləri tənqid etmişdi. Nazir bildirmişdi ki, hələ də bəzi müəllimlər anbar sözünü "ambar" kimi yazır. Onun sözlərinə görə, təhsilverənlərin sertifikasiya imtahanlarında müəllimlər daha çox sözlərdə hərflərin ardıcıllığı ilə bağlı suallara səhv cavab verib. Bu göstərici 18 faiz təşkil edir.