BAKI, 13 oktyabr — Sputnik. Qırğızıstanda keçirilməsi planlaşdırılan təlimlərin vaxtının dəyişdirilməsi heç də onu deməyə əsas vermir ki, Qırğızıstan KTMT-dən uzaqlaşır.
Bunu Qırğızıstan Təhlükəsizlik Şurasının sədri Marat İmankulov deyib.
"Təlimlərə hazırlıq 99.9 faiz yekunlaşmış olsa da, biz təlimin vaxtını dəyişdik. Bu qərardan sonra bizim KTMT-dən imtina etməyimiz barədə xəbərlər yayıldı. Belə bir məsələ yoxdur və bu qurum bizə çox lazımdır. KTMT bizi terror təhlükəsindən qoruyur və milli təhlükəsizlik maraqlarımıza cavab verir", - o qeyd edib.
İmankulov vurğulayıb ki, KTMT tərəfindən də təlimlərin ləğvi ilə bağlı qərar anlayışla qarşılanıb.
Xatırladaq ki, Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin sülhməramlı qüvvələrinin 10-14 oktyabr tarixlərində respublika ərazisində keçirilməsi planlaşdırılan "Sarsılmaz Qardaşlıq-2022" komanda-qərargah təlimlərinin keçirilməsini ləğv edib. Bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat verib.
"KTMT çərçivəsində "Sarsılmaz Qardaşlıq" təlimləri ləğv edilib", - deyə mətbuat xidmətinin sözçüsü bildirib.
Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.