BAKI, 13 oktyabr — Sputnik. Bu gün Azərbaycanda dəmiryolçularının peşə bayramıdır. 1878-ci ildə təməli qoyulan Azərbaycanda dəmir yolunun inşası 20 yanvar 1880-ci ildə başa çatıb. İlk dəmir yolu uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olub.
Azərbaycan dəmiryolunun tarixinə qısa baxış
Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Sonradan Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.
1883-cü il
1883-cü ildə Bakı–Yelizavetpol(Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.
1900-cü il
1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi. 1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola böyük ehtiyac var idi. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk(Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 mln. pud (845 min ton) neft daşınmışdı.
1918-ci il
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X.Məlik-Aslanov tutub.
1991-1994
Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı.
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
© Sputnik / Emin Alisahib
Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz töhfələrini verib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.
İkinci Qarabağ müharibəsi - 2020-ci il
Vətən müharibəsi dövründə gücləndirilmiş iş rejimində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC ölkənin ərazi bütövlüyünün bərpa edilməsində əhəmiyyətli rol oynadı. 44 gün davam edən müharibə ərzində dəmirolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülən texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutublar: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulan ağır zərbədir!”
Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.
Həmçinin 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verildi. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşdü. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirib. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
© Sputnik / Emin Alisahib
Qeyd edək ki, hazırda ölkə üzrə baş yolların açılan uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,72 km-i isə bir yolludur. Yolun ümumi istismar uzunluğunun 1169,17 kilometri və ya 54,82%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,18%-i teplovoz dartısı ilə işləyir, 1527,7 kilometri avtomatlaşdırılan işarəvermə sistemi ilə təchiz edilib.
Dəmir iradə, ən ağır, ən məsuliyyətli peşə sahibləri, peşə bayrmınız mübarək!