BAKI, 13 oktyabr — Sputnik. 44 günlük Vətən müharibəsində canını bu torpağa fəda edən oğullarımızdan biri də Aqil Həsənovdur. O, Vətən müharibəsində Şabranın ilk şəhidi olub.
Aqil 1996-cı ildə Şabran rayonunun Pirəmsən kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan Vətənə, torpağa olan sevgisi onun 14 yaşından ailəsindən uzaqlaşaraq Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almasına səbəb olur. Daha sonra Aqil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Buranı da yüksək qiymətlərlə bitirdikdən sonra Beyləqanda yerləşən N saylı hərbi hissələrin birində zabit kimi çalışmağa başlayır. 2020-ci il sentyabrın 27-də düşmənə qarşı əks-hücüm zamanı müharibəyə yollanır. Və cəbhə onun son xidmət yeri olur.
Həsənov Aqil
© Sputnik / Leyla Abdullayeva
Şəhidimizin anası Vəfa Həsənova göz yaşları içində yeganə oğlu haqqında Sputnik Azərbaycan-a danışır. Ana övladının heç uşaqlığını belə, doyunca görə bilmədiyini, onun yoxluğu ilə barışmadığını bildirir:
“Aqilin uşaq vaxtından hərbiyə həvəsi vardı. 14 yaşından hərbi liseyə, oradan da ali hərbi məktəbə qəbul oldu. Demək olar ki, mən oğlumu doyunca görə bilmədim. Sonra da işləməyə başladı. Arzusu vardı ki, bir müddət işlədikdən sonra şəhərdə ev alıb bizi aparsın yanına və biz birlikdə yaşayaq. Amma bütün arzuları kimi bu arzusu da ürəyində qaldı balamın".
Həsənov Aqil ailəsi ilə
© Sputnik / Leyla Abdullayeva
Vəfa Həsənova oğlunun sonuncu zəngini belə xatırlayır:
“Son danışığımız sentyabrın 26-sı gecə saatlarında oldu. O, bizim ailəvi şəklimizi istədi. Şəkli göndərdik. Amma baxa bilməyib. Çünki elə sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Mənimlə hər danışanda bərk-bərk tapşırırdı ki, özünüzdən muğayat olun. 27-də nə qədər zəng elədik, amma əlaqə saxlaya bilmədik. Həmin gün içimə bir ağırlıq çökmüşdü. Heç yerdə özümə yer tapa bilmirdim. 28-i oldu. Aqildən zəng gözləyirdik. Kənd camaatı bilirmiş onun şəhid olduğunu, biz bilmirdik. Həmin günü gecə saatlarında bizə Aqilin bibiləri gəldilər. Onun yaralı olduğunu dedilər. Yoldaşımla mən düşündük ki, yaralını hospitala aparırlar, evə yox. O anda dünyamıza qaranlıq çökdü. Həmin gündən Aqillə bərabər arzularımız, ümidlərimiz, gülüşlərimiz, bayramlarımız qəbirə qoyuldu”.
Həsənov Aqil
© Sputnik / Leyla Abdullayeva
Adı dastanlara yazılan şəhidimiz beş günün bəyi olub. Evləndiyi altı ay idi. Hərbi işi ilə əlaqədar toyundan beş gün sonra yoldaşını qoyub xidmətə getmək qərarına gəlir. Aqilgil üç uşaq olublar - iki qız, bir oğlan. Şəhidimiz evin böyük övladı olub.
Həsənov Aqilin “Füzulinin azad olunmasına görə” medalı
© Sputnik / Leyla Abdullayeva
Vəfa ana oğlunu ölümündən sonra üç dəfə yuxuda gördüyünü deyir və onları bizə danışır:
"Ölümündən sonra Aqilimi yuxuda üç dəfə gördüm. Sonuncu dəfə uzaqdan gördüm. Əynində ağ libas vardı. Saçı uzun və qapqara idi. Qarşısında uşaqlar vardı. Onlara əl-qol hərəkətləri ilə rəqs dərsi keçirdi. Yuxudan ayılanda o qədər ağladım ki, çünki onu daha görməyəcəyimi anladım. Bu, çox dəhşətli hissdir. Bunu ancaq yaşayan bilər”.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda“ və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib
© Sputnik / Leyla Abdullayeva
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda“, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.