BAKI, 13 oktyabr — Sputnik. Beynəlxalq nəqliyyat dəhlizlərinin dünyada artan əhəmiyyəti ölkələri əvvəllər dondurulmuş, uzun illər yalnız kağız üzərində mövcud olan nəqliyyat, logistika və tranzit layihələrinə yenidən baxmağa sövq edir. Məsələn, keçən ay Çin, Qırğızıstan və Özbəkistan illərlə davam edən danışıqlardan sonra bu ölkələri birləşdirəcək dəmir yolunun tikintisinə dair saziş imzalayıblar. Layihə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulmuş "Orta dəhliz"in marşrutlarından biri olacaq.
Çin artıq Mərkəzi Asiya ərazisində fəaliyyət göstərən dəmir yollarına malikdir. Bu da ölkəyə öz mallarını Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran vasitəsilə Fars körfəzinə çıxış da daxil olmaqla cənub və qərb bazarlarına çatdırmağa imkan verir.
Bununla belə, Qırğızıstan vasitəsilə dəmir yolu logistikası Çinə malların çatdırılma vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaltmağa, Türkiyə və Xəzər dənizi vasitəsilə Fars körfəzinə, eləcə də Avropaya birbaşa çıxış əldə etməyə imkan verəcək.
Bakı limanında yük konteynerləri, arxiv şəkli
© Azerbaijan Railways CJSC
Layihənin imkanları və çətinlikləri
Mövcud marşrutlarla müqayisədə bu dəhliz Çindən Türkiyəyə yüklərin çatdırılma müddətini 8 gün, məsafəni isə 900 km azaldacaq.
Layihənin Çin və Özbəkistanın hazır dəmir yolu infrastrukturunu əhatə edəcəyi gözlənilir. Eyni zamanda, dəmir yolunun tikintisi və modernləşdirilməsində əsas hissə Qırğızıstanın payına düşəcək - Çinlə sərhəddən Özbəkistan sərhədinə qədər çatışmayan hissələri təmir edib tamamlamaq lazım gələcək.
Ümumilikdə, uzunluğu 270 km olan dəmir yolu hissəsinin tikintisini başa çatdırmaq lazım gələcək. Çin Qırğızıstan sərhədinin yaxınlığında çatışmayan hissələri hazırlamalı olacaq.
Sentyabrda Pekin, Bişkek və Daşkənd tərəfindən imzalanan saziş, ilk növbədə, 2023-cü ilin birinci rübündə hazır olmalı olan layihə üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını nəzərdə tutur.
Bundan əlavə, razılaşma çərçivəsində uzun illər tərəflər arasında mübahisə predmeti olan layihənin dəqiq marşrutu ilə bağlı razılıq əldə olunub - Qırğızıstan marşrutun cənub bölgələrindən keçəcəyinə razılaşıb, halbuki əvvəllər Bişkek onun şimal bölgələrindən keçməsini təkid edirdi.
Lakin layihənin regiona gətirəcəyi bütün faydalara baxmayaraq, tərəflərin hələ də həll edə bilmədiyi çətinliklər də var. İlk növbədə layihəni ləngidən məsələ maliyyədir. Layihənin Qırğızıstan ərazisində həyata keçirilməsi 4,5 milyard dollar dəyərində qiymətləndirilir və görünən odur ki, Bişkek layihəyə təkbaşına vəsait ayıra bilmir.
Son vaxtlar regionda öz rolunu gücləndirən Çin bir sıra regional infrastruktur layihələrinin həyata keçirilməsinə böyük sərmayələr yatırır, buna görə də Pekinin 270 kilometrlik dəmir yolu hissəsinin tikintisini maliyyələşdirməsi gözlənilirdi.
Bununla belə, analitiklər qarşıdan gələn qlobal böhran kontekstində Çinin çətin ki, bahalı layihənin maliyyələşdirilməsini öz üzərinə götürə biləcəyini ehtimal edirlər. Lakin ölkələr xərcləri bölüşə bilsə və ola bilsin ki, digər ölkələrdən və ya layihədə maraqlı olan mənbələrdən maliyyə cəlb edə bilsə, Pekin də xərclərin ödənilməsində iştirak edə bilər.
Dəmir yolunun tikintisinin xərclərini artıran digər problem marşrutun mürəkkəbliyidir - bəzi hissələrdə marşrut tunellər tikilməli olan dağlıq ərazilərdən keçir.
Regionun beynəlxalq yükdaşımalarda artan rolunu, eləcə də Pekin, Bişkek və Daşkənd arasında əldə olunan razılaşmanı nəzərə alsaq, maliyyə institutlarının böyük ehtimalla maliyyələşdirməyə qoşulacağını və layihənin tikintisinin başlanmasının uzaqda olmadığını gözləmək olar.
İstifadə etmə
© Photo : public domen
İran yorğanı öz üzərinə çəkməyə çalışır
Bişkek, Pekin və Daşkənd layihənin həyata keçirilməsi ilə bağlı müqavilə imzaladıqdan sonra region ölkələri də layihəyə maraq göstərməyə başlayıblar. Belə ki, İranın Qırğızıstandakı səfiri Səid Xərrazi oktyabrın 11-də baş tutan Qırğızıstan-İran biznes forumunda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun İrana qədər uzadılması perspektivlərini açıqlayıb.
Səfir xüsusilə qeyd edib ki, Tehran Qırğızıstanla ticarət-iqtisadi əlaqələr qurmaqda maraqlıdır və bu əlaqələri gücləndirmək və ticarət dövriyyəsini artırmaq üçün Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun İran sərhədinə qədər uzadılması mümkündür.
Tehranın yeni layihəyə marağı kifayət qədər başa düşüləndir - İran şərq və şimal ölkələri və Fars körfəzi ilə Hindistan - ən böyük satış bazarları arasında əlaqələndirici bənd olmaq niyyətindədir. Burada qeyd etmək lazımdır ki, İranın daxili dəmir yollarını bu gün çətin ki, ideal adlandırmaq olar - layihələrin həyata keçirilməsini çətinləşdirən çoxsaylı sanksiyalara görə dəmir yolu infrastrukturunun inkişafı və modernləşdirilməsi dondurulub.
"Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi olan Astara-Rəşt dəmir yolu sahəsini xatırlayaq. İran 2018-ci ildə Azərbaycandan 500 milyon dollar məbləğində layihə maliyyəsi almasına baxmayaraq, yolun tikintisində hələ ki, irəliləyiş yoxdur. Məhz bu səbəbdəndir ki, Azərbaycan ərazisindən keçən Şimal-Cənub layihəsinin qərb marşrutu hələ də tam gücü ilə işə salınmayıb.
Azərbaycanın layihəyə inteqrasiyası
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekə səfəri zamanı digər məsələlərlə yanaşı, regionda həyata keçirilən nəqliyyat layihələrini də qeyd edib. Onun sözlərinə görə, Xəzərin hər iki tərəfində həyata keçirilən bütün nəqliyyat layihələrinin sinxronlaşdırılması çox vacibdir. Mövcud və planlaşdırılan yeni nəqliyyat marşrutları region ölkələrinə kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək.
"Söhbət, ilk növbədə dəmir yolundan gedir. Biz Xəzər dənizinə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun çəkilməsi qərarını dəstəkləyirik. Artıq Xəzərin tərəfimizdə olan hissəsində bizim hava, dəmir yolu və avtomobil nəqliyyatımızdakı daşınmalar nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu yaradılıb", – deyə Əliyev bildirib.
Həqiqətən də, Çin-Qırğızıstan-Özbəkistan layihəsinin davamı Qazaxıstan və ya Türkmənistan ərazisindən keçən dəmir yolu, sonradan Xəzər dənizinə və Azərbaycan limanlarına çıxış ola bilər.
Bu ssenari o cəhətdən aktualdır ki, Azərbaycan artıq Gürcüstan ərazisi ilə Türkiyə və Avropaya, eləcə də Rusiya Federasiyası ərazisindən şimal istiqamətində yükdaşımaların yaxşı qurulmuş infrastrukturundan fəal şəkildə istifadə edir.
Çindən və Orta Asiyadan böyük həcmdə yüklərin qəbulu və respublikanın tranzit potensialının genişləndirilməsi üçün dəniz limanlarının keçid qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Belə ki, Ələt ticarət limanının buraxılış qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona, hazırkı 100 min konteynerdən isə 1 milyon konteynerə qədər artırılması nəzərdə tutulur.
Beləliklə, qurulmuş infrastruktur, buraxılış güclərinin genişləndirilməsi planları, həmçinin, gömrük sistemlərinin regiondakı qonşularla sinxronlaşdırılması işlərini nəzərə alaraq, bu gün Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin davamı kimi daha cəlbedici görünür.
Bundan əlavə, gələcəkdə bu marşrutla gedəcək yüklər Azərbaycanda olarkən həm "Şimal-Cənub" istiqamətində, həm Fars körfəzində, həm cənubda Hindistana, həm də "Şərq-Qərb" marşrutu ilə Avropada son istehlakçıya göndərilə bilər.