BAKI, 13 oktyabr — Sputnik. ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib.
Məsələ ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev "Baku TV"yə danışıb.
"Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb", - deyə o qeyd edib.
Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.
Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.
Xatırladaq ki, bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyik tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktları ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.