RUSİYA

Putin və Ərdoğan Avropa üçün qaz qovşağı ideyasını müzakirə edəcəklər

Rusiya Prezidentinin “Şimal axını” tranzitlərinin yerinin dəyişdirilməsi ideyası Türkiyə lideri ilə görüşdə nəzərdən keçiriləcək.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putinin “Şimal axını” qaz kəmərlərinin tranzitinin Qara dənizə daşınması ideyasına onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Astanada keçiriləcək görüşündə baxılacaq. Bu barədə Rusiya mediası “TRT Haber”-ə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, V.Putinin Rusiya Enerji Həftəsi forumunda bəyan etdiyi Avropa üçün qaz qovşağı təklifi böyük ehtimalla dövlət başçılarının “gündəliyində olacaq”.
Bir qədər əvvəl Türkiyənin Energetika Nazirliyi Putinin ideyasının yeni olduğunu və "müzakirə tələb etdiyini" bildirib. Qurum rəhbəri Fatih Dönməz qeyd edib ki, texniki cəhətdən onun həyata keçirilməsi mümkündür.
"Türk axını", arxiv şəkli
Oktyabrın 12-də Putin təklif edib ki, Rusiya “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna keçirə, beləliklə də “Türk axını” ilə avropalı tərəfdaşlara mavi yanacaq tədarükü üçün qovşaq yarada bilər. Prezidentin sözlərinə görə, bu istiqamətdə qaz təchizatı üçün yüksək məqsədəuyğunluq və təhlükəsizlik var.
Rusiyanın Avropaya dörd əsas qaz nəqli marşrutu var: “Türk axını”, Polşa ərazisindən keçən Yamal-Avropa qaz kəməri (onun vasitəsilə qaz nəqli tamamilə dayandırılıb), münaqişə fonunda imkanları məhdud olan Ukraynanın qaz nəqli sistemi və sentyabrın sonunda təxribatın baş verdiyi “Şimal axını”.