BAKI, 12 oktyabr — Sputnik. Bakıda dana və quzu əti bahalaşıb.
Bəzi kəsim və satış məntəqələrində sümüklü dana ətinin bir kiloqramının qiyməti 12 manatdan 13-14 manata, sümüksüz dana ətinin qiyməti isə 13 manatdan 14-15 manata qalxıb.
Çəkisi 12 kiloqrama qədər olan quzuların bir kiloqramı 16 manata, daha çox çəkililərinki isə 15 manata satılır. Bu isə əvvəlki qiymətlərə nisbətdə 1,50 qəpik çoxdur.
Ət satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymət artımının əsas səbəbi yemin bahalaşmasıdır.
Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən ətin qiyməti Dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.
"Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin avqust ayında əvvəlki aya nisbətən mal, qoyun və toyuq ətinin qiymətləri ən çox bahalaşan ərzaq məhsullarının içərisində olub.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 364,2 min ton olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında mal əti idxalı 59,6 faiz azalıb.