BAKI, 12 oktyabr — Sputnik. Son zamanlar apteklərdə müşahidə olunan yod qıtlığı aradan qaldırılır.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yaydığı məlumatda bildirilib.
"Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu onu deməyə əsas verir ki, yod problemi aradan qalxır", - qurumun məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılıb. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən bildirilmişdi ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.
Əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaçılıq Müəssisəsi) istehsal edilən yod məhlulu Azərbaycanda qeydiyyatdan keçib.
Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.