BAKI, 12 oktyabr — Sputnik. Rusiya rəsmilərinin zərurət olduğu halda Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyi barədə bəyanatları Azərbaycan əhalisi arasında da təşviş yaradıb. İnsanlar apteklərdən kütləvi şəkildə və bolluca yod alaraq evlərində ehtiyat saxlayırlar. Bu isə apteklərdə yod çatışmazlığına səbəb olub.
Bəs görəsən əhalinin ehtiyat alıb saxladığı yod orqanizmi nüvə radiasiyasından qorumaq üçün effektlidirmi?
Əczaçılıq ürə mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində əhalinin tədarük gördüyü antiseptik yod məhlulu insanı radiasiyadan qorumur. Əhali arasında yayılmış səhv məlumat apteklərdə yod çatışmazlığına səbəb olub. Bu isə yoda doğurdan da təlabatı olan insanları çətin vəziyyətdə qoyub:
Əczazçılıq mütəxəssisi, provizor Elman Hüseynov
© Photo : courtesy of Elman Huseynov
"Çox təəssüf edirəm ki, yodun radiasiyadan qoruduğu barədə dezinformasiya insanlar arasında təşviş yaradıb. Hər kəs elə hesab edir ki, evində yod alıb ehtiyat saxlayarsa, həmin məhlul onu nüvə silahından istifadə zamanı radiasiyadan qoruyacaq. Bu, tamamilə yalnış məlumatdır. Antiseptik yod məhlulunun tibbdə təyinatı tamamilə başqadır. Yaranmış ajiotaj yoda ehtiyacı olan insanları da çətin vəziyyətdə qoyub. Yod məhluluna doğrudan ehtiyacı olanlar yod tapa bilmirlər. Mən buradan insanlara səslənirəm ki, alıb evlərində ehtiyat saxladıqları yod məhlulu onları radiasiyadan qorumayacaq. İnsanlar bütün apteklərdə satılan yod məhlullarını alıb evlərində saxlasalar da, nüvə silahından istifadə edildiyi təqdirdə həmin yod onların köməyinə çatmayacaq".
Provizor deyir ki, Azərbaycanda əslində tərkibində yod olan dərmanlar var. Amma onların təyinatı başqadır. Bu dərman preparatları qalxanabənzər vəzin toksiki xəstəliklərində, intoksikasiya zamanı, eləcə də onkoloji xəstələr şüa terapiyası alarkən təyin olunur. Ona görə də, şayiələrə uyub yod məhlullarını və qalxanbənzər vəzin müayinəsində istifadə edilən dərman preparatlarını alıb ehtiyat saxlamağın bir mənası yoxdur.
Nə yod dərmandır, nə də bədxassəli şiş riski var
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev isə deyir ki, insanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə, yod deyil, radioprotektorlardır. Bu qrupa əsasən, Meksamin, Sistamin, Qammafos tiazol, B-190 (İndralin) və s. kimi preparatlar aiddir. Hazırda istifadə sahələri, əsasən onkologiya (radioterapiya kursu zamanı) praktikasıdır. Onlar həmçinin, radioaktiv fəlakətlər zamanı, profilaktik işlər aparan şəxslərə radioaktiv mühitə düşməmişdən öncə də təyin edilir.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev
© Photo : courtesy of Musa Qaniyev
Professor söyləyir ki, nüvə fəlakəti baş verdikdən sonra, onların qəbulu heç bir əhəmiyyət kəsb etmir. Odur ki, bu preparatları ümumiyyətlə axtarmaq lazım deyil. Kafedra müdirinin fikrincə, "online" satışları haqqında hazırda rast gəlinən elanlar yalnız mövcud şəraitdən istifadə etməyə, yəni kommersiya maraqlarına xidmət edir.
Professorun sözlərinə görə, yod preparatları, xüsusən hazırda insanları daha çox maraqlandıran kalium yodid, vitamir, eləcə də yodobalans, yodomarin kimi alman preparatları və s. radiasiyaya təsir etmir. Bu dərman preparatları yalnız qalxanabənzər vəzdə yodun radioaktiv-131 izotopunun toplanmasının qarşısını alır. Çünki yod qalxanabənzər vəzin follikullarının giriş qapısını blokada edərək, radioaktiv yod izomerinin vəzdə toplanması və vəz funksiyasının supressiv hala düşməsini önləyir.
M.Qəniyevin sözlərinə görə, nüvə silahından istifadə zamanı radioaktiv yod, ayrılan öldürücü, silsilə izotoplardan yalnız biridir və yarımparçalanma dövrü cəmi 8 gündür. Radioaktiv yoddan daha aktiv olan stronsium, sezium-137 və çoxsaylı digər izotoplardır ki, onlardan təkcə sezium-137-nin yarımparçalanma dövrü düz 30 ildir:
"Digər tərəfdən, radioaktiv yod izomeri əsasən atom elektrik stansiyalarında partlayışlar olan zamanı atmosferə atılır. Müasir taktiki nüvə silahları radioaktiv yod izotopu saxlamır. Belə olduqda, kiminsə təbliğatına uyub, yod və yod preparatlarını alıb, evinizə doldurmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası yoxdur!"
Professor insanların nüvə silahından istifadə zamanı müəyyən bədxassəli şişlərin yaranacağı barədə narahatçılıqlarına da aydınlıq gətirib. O, bildirib ki, xüsusən yaşa dolmuş insanlar, daha çox, nüvə silahından istifadənin gələcəkdə bədxassəli şiş - karsinoma törətməsindən qorxur və bununla bağlı narahatdır. Lakin radioaktiv şüalanmanın tətikləyən dozada karsinoma törətmə riskinin latent dövrü, çox uzundur. Odur ki, belə bir ehtimal olsa belə, 40+ yaş qrupu üzərində olanlar üçün, bunun heç bir qorxusu yoxdur.
Mütəxəssislər Rusiyanın nüvə silahından istifadə ilə bağlı açıqlamalarından narahat olub dərman ehtiyatı görməyə lüzum olmadığını bildirsələr də, ABŞ Səhiyyə Nazirliyi $300 milyon dəyərində radiasiya əleyhinə Nplate preparatı alıb.
Məlumat üçün əlavə edək ki, ABŞ-ın Səhiyyə Nazirliyi ilk dəfədir belə dərman alır. Amgen şirkətinin Nplate preparatının saxlanma müddəti soyuq şəraitdə 18 aydır.
Apteklərdə yod niyə qəhətə çıxıb?
Sonda onu da xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib. Mərkəzin İdxal-İxrac şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib: "O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq".
Məlumat üçün bildirək ki, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib.
"Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bünyatov da təsdiqləyib ki, son aylar apteklərə məhdud miqdarda yod daxil olub. Onların hər birinə gündə 4 şüşədən artıq verilmir. Lakin adi vaxtda gündə təxminən 50-60 şüşə yod satılırdı. Bu və digər dərmanlar Azərbaycana Rusiyanın Yaroslavl əczaçılıq fabriki tərəfindən gətirilib. Hazırda şirkət ölkəyə tədarükləri dayandırıb. "Rusiyadakı vəziyyət fonunda bu məhsullar daxili istifadəyə yönəldilir. Sərhədlər bağlandığından, idxal dayandırıldığından və öz istehsalı olmadığından bizdə bu dərmanların çatışmazlığı var", - ekspert izah edib.
O vurğulayıb ki, Azərbaycanda istehsal olunan antiseptik Rusiyada istehsal ediləndən xeyli geridə qalır:
"Bu dərmanları Azərbaycanda başqa istehsalçılardan almaq da mümkün deyil, çünki əvvəlki tədarükçü yenidən tədarükünü bərpa edə bilər".