BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib:
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutması barədə məlumat yaymışdı.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.