CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Apteklərdə "Nurofen" çatışmazlığına da aydınlıq gətirilib

Son zamanlar apteklərdə bəzi dərmanların çatışmazlığı müşahidə edilir. Dünən Milli Məclisdə bu məsələ müzakirə edilib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirilib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspenziya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub: "Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq".
Mərkəz eyni zamanda qeyd edib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir:
"Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik".
Ötən gün Milli Məclisdə adıçəkilən dərmanlarla bağlı qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində "Adrenalin - Zdorovye", "Adrenalin -Darnitsa", "Penepin" və "Penepin Jr" (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı dərmanlar "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aiddir. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".
Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s. ölkələrdən dərman vasitələri idxal olunur.
Xatırladaq ki, dünən deputat Rüfət Quliyev parlamentin plenar iclasında deyib ki, Azərbaycanda bir aydan çoxdur ki, adrenalin adında dərman tapılmır. Bununla bağlı həkimlərdən müraciətlər daxil olub.
O bildirib ki, adrenalin tapılmadığına görə, xəstəxanalarda cərrahi əməliyyatlar apara bilmirlər: "Onun qiyməti 1,5 manat olsa da, işbazlar süni şəkildə 200 manata qədər qaldırıblar. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib:
“Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna münaqişəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanındakı bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.