AZƏRBAYCAN XƏBƏRLƏRİ

XİN rəsmisi beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

Leyla Abdullayeva qeyd edib ki, bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüququ, fundamental prinsipləri, Cenevrə protokollarını pozması halıdır.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə Gəncədə mülki əhaliyə raket zərbələri endirib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Gəncəyə hücumların ikinci ildönümü ilə bağlı tədbirdə deyib.
O bildirib ki, Gəncə cəbhə zonasından uzaqda yerləşən şəhərdir:

"Bu hücumlar gecə saatlarında edilib, məqsəd bəllidir. Ətrafda hərbi obyektin olmadığı bir daha sübut edir ki, məqsəd mülki şəxsləri məhv etmək olub. Moskvada keçirilən görüşdə humanitar atəşkəs elan olunduğu andan bir müddət sonra Ermənistan bu atəşkəsi pozdu, bir neçə istiqamətdə hücum etdi. Eyni zamanda, Suqovuşanda azərbaycanlı tibbi personal tərəfindən erməni hərbçilərinin meyitləri yığılarkən onlara qarşı hücumlar törədildi, Gəncə hədəf alındı. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüququ, fundamental prinsipləri, Cenevrə protokollarını pozması halıdır".

Leyla Abdullayevanın sözlərinə görə, XİN bu istiqamətdə məlumatlandırma aparıb, dəlillər toplanaraq beynəlxalq təşkilatlara göndərilib:
"Hərbi cinayətlə bağlı Avropa Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırılıb. Bu məsələlərə hələ də baxılır. Azərbaycan təqsirkarların ədalət və qanun qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə edəcək. Təəssüf ki, bu günə qədər hərbi cinayətlər törətmiş şəxslərdən bir nəfər də Ermənistanda qanun qarşısında cavab verməyib. Biz hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə çağırırıq".