RUSİYA

Putinin BƏƏ prezidenti ilə görüşü gözlənilir

Əl Nəhyan BƏƏ prezidenti seçildikdən sonra Rusiya lideri ilə ilk dəfə təkbətək görüşəcək.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq. Liderlərin təkbətək formatda ikitərəfli danışıqları planlaşdırılır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu, Əl Nəhyanın BƏƏ prezidenti seçilməsindən sonra onların ilk təkbətək görüşü olacaq. Putinlə Əl Nəhyan sonuncu dəfə bu ilin mayında telefonla danışıblar. Həmin vaxt tərəflər Rusiya-Əmirlik dostluq münasibətlərini daha da inkişaf etdirmək üçün qarşılıqlı niyyətlərini ifadə ediblər. Ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib.
Əmirliyin siyasi elmlər sahəsində tanınmış akademiki Abdel Xaliq Abdullah hesab edir ki, BƏƏ prezidenti "fəlakətli nüvə qarşıdurmasına yuvarlanmağı dayandırmaq" üçün Rusiyaya səfər edir.
"Kritik dövrlərdə və kəskin böhranlarda dünyanın hər kəs tərəfindən dinlənilən, sülhə inanan, sözü və hərəkətləri ilə əldə edilən dostluq və nüfuzdan istifadə etməyə hazır olan cəsarətli liderə ehtiyacı var. Əmirliyin prezidenti Rusiyaya fəlakətli nüvə qarşıdurmasına yuvarlanmamaq üçün vacib bir sənədlə gələcək", - deyə Abdullah "Twitter" hesabında yazıb.
Akademik bildirib ki, Avropa və bütün dünya ölkələri naminə Moskvaya səfəri BƏƏ-nin dünyada sülh istəyini əks etdirir. Bunu Vaşinqton və Avropa paytaxtlarında bilirlər.