BAKI, 11 oktyabr — Sputnik. Ölkəmizə sağlamlıq turizmindən istifadə məqsədi ilə əsasən MDB ölkələrindən gəlirlər. Onlar da daha çox Naftalanı seçirlər. Bu barədə Naftalanda keçirilən "Naftalan- Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov isə bildirib ki, 2019-cu ildə koronavirus pademiyasından əvvəl bura 40 min turist səfər edib ki, bu da müstəqillik dövründə ən yüksək göstərici olub.
Qeyd edək ki, Naftalana hər il xeyli sayda turist üz tutsa da, burada qiymətlər ucuzlaşmaq bilmir. Baxmayaraq ki, Naftalanda fəaliyyət göstərən hotellərin sayı il-ildən artır. Keçən il Naftalanın sağlamlıq-turizm mərkəzlərinə 17 minə yaxın turist üz tutub. Möcüzəvi şəfası ilə dünyada məşhur olan Naftalan vannasından yararlanmaq məqsədilə Naftalan şəhərinə 46 ölkədən 1700-dən çox xarici turist gəlib. Statistik rəqəmlər göstərir ki, Azərbaycanda termal turizm məkanlarından olan Naftalana maraq böyükdür. Amma yerli əhalinin çoxu bu turizm xidmətlərindən yararlana bilmir. Səbəb isə sağlamlıq turizmində qiymətlərin kəllə-çarxda olmasıdır.
Lalə Mehralı adlı sosial şəbəkə istifadəçisi bildirib ki, illərlə anasını Naftalana müalicəyə göndərmək istəsə də, buna imkanı çatmır: "Qiymətlər Naftalanda çox bahadır. Öz millətimizdən sadə vətəndaş gedib dincələ bilmir. Mən illərdi anamı göndərmək istəyirəm, qiymətlərlə maraqlananda gözüm kəlləmə çıxdı. Elə bil neft vannasına salmırlar, qızıl suyuna çəkirlər adamı".
Həbibə Abdulla adlı sosial şəbəkə istifadəçisi isə Naftalan sanatoriyalarında müalicənin ölkəmizdə minimum əməkhaqqı ilə tərs-mütənasib olduğunu bildirib.
Naftalanın "əl yandıran" qiymətləri
Məlumat üçün bildirək ki, Naftalanda hotellərin sayı 11-dən çox olsa da, bu, qiymətin ucuzlaşmasına təsir etmir. "Gold Naftalan"da qiymətlər bir nəfər üçün 93 manatdan başlayır. Burada iki nəfər üçün bir günlük qiymət 135 manatdır.
"Gold Naftalan"dan bildirdilər ki, qiymətlərə hoteldə qalmaq və qidalanma daxildir. Amma gələn turist ən azı bir həftəlik müalicə kursu götürməlidir. Bunun üçün isə 700 manata yaxın pul ödəməlidir. Masaj və parafin vannası üçün qiymət bir dəfə üçün 8-10 manat arasındadır. Digər xərcləri də nəzərə alsaq bir turistin Naftalanda müalicəsi bir həftə üçün min manata başa gəlir.
Burada ən baha qiymət Garabag resort & spa Naftalandadır. Sözügedən hoteldə müalicə alan bir turist 1666 manatdan 2261 manatadək pul ödəməlidir.
Qiymətlərdən də görünür ki, bu məbləğ orta statistik Azərbaycan vətəndaşının cibinə uyğun deyil. Ölkəmizdə minimum əməkhaqqının 300 manat olduğunu nəzərə alsaq, Naftalanda istirahət etmək, müalicə almaq Azərbaycan vətəndaşları üçün əlçatan deyil.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymətə təsir edən əsas amil maya dəyəridir. Turizm xidmətləri maya dəyərindən ucuz satıla bilməz:
"Ölkəmizdə pandemiyadan sonra turizmin bərpa dövrü gedir. Əgər qiymət maya dəyərindən aşağı qoyularsa, bir müddətdən sonra həmin hotel iflasa uğrayacaq".
Statistikaya Rusiya başçılıq edir
R.Quliyev hazırda Naftalana əsas turist axınının Özbəkistan və Qazaxıstandan olduğunu söyləyib. O, qeyd edib ki, Azərbaycanda yerli əhalinin termal turizm imkanlarına əlçatanlığını təmin etmək üçün Həmkarlar Təşkilatları tərəfindən göndərişlər verilməlidir.
Məlumat üçün bildirək ki, ötən il Naftalan şəhərinə gələn turist sayına görə, statistikaya 1161 nəfərlə Rusiya başçılıq edir.
Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb. Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumbiya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da var.
Kurort şəhərindən yerli vətəndaşlar da istifadə edib. Belə ki, 15 mindən çox ölkə vətəndaşı burada müalicə alıb və istirahət edib. Turizm üzrə ixtisaslaşmış yerli mütəxəssislərin fikrincə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında öncül mövqelərdən birinə sahibdir.