BAKI, 11 oktyabr - Sputnik. Bakıda 16 yaşlı oğlanlar qətl törədib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər"lə açılması təmin edilib.
Belə ki, oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkarlanıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü - Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.