BAKI, 11 oktyabr — Sputnik. "İkinci Qarabağ müharibəsində Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da var".
Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
O bildirib ki, Vətən Müharibəsi dövründə hərbi cinayətlər Azərbaycan ərazisində törədildiyinə görə bunu edənlər barəsində ölkəmizin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və günahkarlar məsuliyyətə cəlb olunacaqlar.
İ.Səfərov söyləyib ki, müharibə vaxtı Ermənistan tərəfində döyüşən muzdluların bir qismi müəyyən olunub, onlarla bağlı cinayət işləri başlanılıb.
O deyib ki, istintaq olunan cinayət işi çərçivəsində həm sosial şəbəkələrdə erməni hərbi siyasi rəhbərliyinin açıq terror çağırışları, həm də terrorla bağlı bəyanatları əməliyyat orqanlarımız tərəfindən fiksə edilib:
Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən “dəyirmi masa”
© Sputnik / Murad Orujov
"Onlarla bağlı istintaq orqanları qərarlar qəbul edib. Azərbaycan hazırda bu şəxslərin qanun qarşısında cavab vermələri üçün əlindən gələni edir. Qeyd edim ki, bu şəxslərin kimlikləri Azərbaycanın aidiyyəti qurumları tərəfindən müəyyən olunub. O şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri tələb edilir. İlkin olaraq tərəfimizdən aparılan müəyyən istintaq yolları ilə bu məlumatlar əldə edilib".
"Biz bununla bağlı 44 günlük müharibə dövründə də məlumat vermişdik. İstintaq orqanları tərəfindən muzdlu şəxslərin şəxsiyyətləri müəyyən edilib. Onlar arasında Rusiya, Gürcüstan, İran vətəndaşları da var. Biz onları əməliyyat yolları ilə müəyyənləşdirmişik, bəziləri axtarışa verilib. Bu istiqamətdə işlər davam etdirilir. Birmənalı olaraq onlar Azərbaycan qanunvericiliyi qarşısında məsuliyyətə cəlb olunacaqlar. Həmin muzdlu şəxslər ümid edirlər ki, zaman keçəcək, unudulacaq. Lakin bu, belə deyil. Bu, müharibə cinayətidir, unudula bilməz. İstəyimiz odur ki, beynəlxalq ictimaiyyət bizə qarşı təzyiq etdikləri kimi, təqsirli şəxslərə də qarşı təzyiqlər etsinlər. Törədilən bütün əməllərə hüquqi qiymət versinlər", - Baş Prokurorluğun rəsmisi vurğulayıb.