CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: İspaniya Deputatlarının Azərbaycana qarşı qərəz dolu bəyanatı hiddət doğurur

Milli Məclisin deputatı qərəzli bəyanatın son zamanlar Azərbaycan və Ermənistan arasında irəliyə aparılan normallaşma prosesini zərbə altına qoyduğunu söyləyib.
Sputnik
BAKI, 11 oktyabr - Sputnik. İspaniya Krallığının Deputatlar Konqresinin 6 oktyabrda qəbul etdiyi Azərbaycana qarşı qərəz dolu institusional bəyanatı hiddət doğurur. Belə ki, təktərəfli və qərəzli bəyanat erməni maraqlarını müdafiə etməklə bütün diplomatik norma və qaydaları pozur, son zamanlar Azərbaycan və Ermənistan arasında irəliyə aparılan normallaşma prosesini zərbə altına qoyur.
Bunu Milli Məclisin deputatı Sevil Mikayılova Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
S.Mikayılova xatırladıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel müharibədən sonrakı dönəmdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün xüsusi səylər göstərir. Məhz prezident Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər nəhayət sülhə doğru praktik addımların atılmasına nail olub, prosesin dinamikliyi Azərbaycanda böyük ümidlər yaradır.
"Təəssüf ki, bu cür təktərəfli, erməni lobbisinin maraqlarına xidmət edən bəyanat nəticədə bütün bu səyləri zədələyir, bu isə birbaşa Aİ-nin məsələ ilə bağlı siyasətinə qarşı yönəlmiş demarşdır. Erməni icmasına xitab edən bəyanatın müəllifləri əslində İspaniya parlamentarilərinin obyektivlikdən uzaq olduğunu sərgiləməklə yanaşı, bu gün dünyanın mübarizə apardığı işğal siyasətinə də dəstəkçi kimi çıxış edirlər. İspaniyalı həmkarlarımıza xatırlatmaq istərdik ki, Ermənistan işğalçı ölkədir, 30 il aqressiv siyasət apararaq Azərbaycanın BMT tərəfindən tanınan ərazisinin 20 faizini işğal altında saxlayıb. Lakin təcavüzkar Ermənistanın beynəlxalq hüququ tapdalayan əməllərinin qarşısını almaq və 30 il davam edən qanlı münaqişənin həlli üçün İspaniya parlamenti heç zaman səsini qaldırmayıb, sadəcə səssiz qalıb. Artıq münaqişə bitib, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə icra edib. Ədalət yerini tutduqdan sonra işğalçıya haqq qazandırmaq heç bir məntiqə sığmır", - deyə o əlavə edib.
S.Mikayılova bildirib ki, İspaniya parlamentində bu sənədə imza atanlar beynəlxalq hüququ, ədaləti dəstəkləmək əvəzinə, işğalçı, terrorçu, uşaq qatili olan cinayətkar dövlətə dəstək olur. Bununla ispaniyalı deputatlar Cənubi Qafqazda davamlı sülhün yaranması naminə aparılan danışıqlarda qazanılmış bütün nailiyyətləri şübhə altına alır, separatizmi dəstəkləyir və revanşizmi alovlandırırlar.
"Əslində, bu sənəd Azərbaycanın haqq işinə heç bir təsir göstərmək iqtidarında deyil. Lakin bütün bu faktları görməzdən gələn İspaniya parlamenti hansı əsaslarla belə bir bəyanat qəbul edir, anlaşılmazdır. Bu sənəd qəbuledilməzdir, İspaniya və Azərbaycan arasında olan dost və işgüzar münasibətlərə ciddi xələl gətirir. Buna görə də İspaniya parlamentariləri öz addımları barədə ciddi düşünməli və hansı perspektivdən yola çıxdıqlarına nəzər yetirməlidirlər", - deyə S.Mikayılova əlavə edib.